16 Oktyabr 2015 23:54
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün döş qəfəsinə maye yığıldığı üçün ana bətnində ikən əməliyyat olunan uşaq doğulub.

Teleqraf.com-un məlumatına görə, klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyətinin hazırda yaxşı olduğunu deyib.

Şöbə müdiri bildirib ki, hələ körpə ana bətnində ikən həkimlər bu patologiyadan xəbərdar olublar: “Ana 7 aylıq hamilə ikən gəlmişdi. Həmin vaxt müayinələr göstərdi ki, ana bətnində uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılır. Bu da ürəyin fəaliyyətinə əngəl olurdu, ürək çatışmazlığına gətirib çıxarmışdı. Bildiyimiz kimi, ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulmuşdu, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı və mayenin miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.

Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub:

“Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni, ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa olunsun və ağciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ananı gəzdirib uşaq əvvəlki vəziyyətə qayıdandan sonra proseduraya davam edirdik”.

ATU həkim briqadasının müdaxiləsi nəticəsində bu körpə heç bir ürək və ağciyər qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır və hər ay müayinə olunur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər