26 Oktyabr 2015 13:44
3 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi poçtun yanındakı “Memi” mağazasındayam. Satıcı buranın təzə açıldığını və tezliklə yeni paltarlar gətirəcəklərini deyir. Onunla sağollaşıb çıxıram.

Burdakı nimdaş paltarların dermotoloqlar tərəfindən məsləhət görülməməsi dəfələrlə deyilib. Bəs sirr nədir ki, “qırsaqqız” olub yapışmışıq “Memi”nin ətəyindən?!

Bu suallar barədə düşünə-düşünə gəlib çıxıram başqa bir “Memi” dükanına. Güclənən yağışdan daldalanıb dermotoloq Diana Məmmədovaya zəng edirəm. Diana xanım “Memi”nin malları barədə deyir:

– Əslində, ordakı paltarlar satılmaq üçün yox, kasıblara paylanmaq üçündür. Son illər dəri xəstəliklərinin artmasını nəzərə alsaq, onların istifadəsi məsləhət deyil.

Bu paltarları alanlara nə məsləhət görərsiniz? – Diana xanımdan soruşuram.

– Əgər almışıqsa, onu yaxşıca qaynatdıqdan, ütülədikdən sonra geyinməliyik. Əsasən də, iç tərəfi və tikiş olan yerləri. Həmin yerlərdə infeksion və parazitar xəstəliklər ola bilər.

Elə bu dəm “Memi”nin qarşısında dilləşən nənə və nəvə diqqətimi çəkir. Diana xanıma “Mağazadan çıxanda sizə zəng edib, ekspert rəyi alacam” deyib sağollaşıram. Maraqlıdır, bu “Memi” nə olan şeydir ki, nənəylə nəvəni bir-birinə qırdırır?!

Son qəpiyə alınmış isti gödəkçə...

Nənə deyinir:

– Gəl, gəl, gəl gedək, soyuqdur. Təzə paltar gələndə qapını bağlayırlar, sağmal-suval edib yaxşılarını götürürlər.
Nənəni söhbətə çəkmək istəyirəm:
– Ay nənə, burda yaxşı paltarlar olmur, deyəsən, hə?

Nənə çətiri açıb deyir:

– Bala, özlərinin adamları var. Onlar da təzə paltar gələndə “üzünün qaymağını” yığırlar. Qabaqcadan pul verənlərə saxlayırlar...

Uşaq nənəsinin sözünü kəsir:

– Baha oldu, ona görə almadın. Yalandan da deyirsən, yaxşısı yoxdur.

– Sən az danış bir! – nənə uşağa təpinir.

Onlar söylənə-söylənə gedir, mən isə mağazaya keçirəm.

Paltarlara baxan kim, alan kim, geyinib güzgünün qarşısına keçən kim... Kimi brend mal axtarır, kimi də “ucuz olsun, geyinməyə paltar olsun” fikri ilə paltarları eşələyir.

Bu vədə bir oğlan üst-başını çırpa-çırpa özünü içəri salır. O, bir-bir dəri gödəkcələrin qarışdırır, qiymətlərinə baxıb başını bulayır. Əllərinə baxıram: cadar-cadardır.

Oğlan satıcıdan soruşur:

– Bunların ən ucuzu hansıdır?

– Hamısı ucuzdur. Bax, bunlar başqa yerdə 120 manatdır. Amma biz 20 manata veririk.

Oğlan gödəkcənin birini götürüb qalınlığına baxır. Paltarın qiyməti gözünə sataşan kimi üzü gülür, ovqatı düzəlir. Həvəslə güzgünün qabağına keçir. Mənə elə gəlir ki, o gödəkcəni əyninə geyinmir, özü bükülüb paltarın içinə girir.

Əlinin dalı ilə tüklü üzünə bir sığal çəkir. Tez civlərini çək-çevir edir. Gah o cibinə baxır, gah bu. Nəhayət satıcının stoluna yeddi manat əlli qəpik pul qoyur. Amma dayanmır, yeni ciblərini eşələyir. Və anidən deyir:

– Aha düzəldi.

Əlli qəpiyi də stolun üstünə qoyur. Bilmirəm ondan nə soruşum. Bircə bunu deyə bilirəm:

– Paltar istidirmi?
Məmnun baxışlarla “həyat varmış bə” deyir, gödəkçəsinin qabağını bağlayıb tələm-tələsik harasa yellənir.
Adamlara baxıram, hərə öz hayındadı. Üzlərində bir müqavimət hissi var. Elə bil, bir zirzəmiyə düşüblər. Kim şifrəli paltarı tapsa, xilas olacaq.

Ölmüş kostyumun diri yiyəsi və karakül eşqi...

Paltarların içində nimdaş bir qadın kostyumu diqqətimi çəkir. Onun modeli, olmayan duruşu canlı tarixdir. İkinci, üçüncü əl nədir?! Bunun sahibələrini qeyri-müəyyən sayla göstərmək lazımdır. Adam əl vurmağa belə qorxur. Kostyumun canı çıxıb, amma ona yeni sahib axtarırlar. Dinmə, deyəsən, yeni yiyəsi çıxır. Bax hələ... Alırlar.

Elə bu vaxt gözüm karakül geymiş bir qadını alır. Necə xoşbəxtdir. Bir görsəniz. Ona yaxınlaşıb deyirəm:
– Xanım, deyəsən, bu karaküldür, hə?
– Hə, bu, başqa yerlərdə yeddi yüz-səkkiz yüz manata olur. Həmişə həsrətlə baxırdım. Burda 30 manatdı. Gücüm çatdı, alıram.

Arzularının közündə isinən xanımı istəyi ilə baş-başa qoyub müşahidələrə davam edirəm.


“Buz heykəl” hekayəsi...

Uşaqlı qadın və bir kişi içəri girir. Qadınla, kişi yaman qayğılı görünür. Uşağın burnu axır, arada da tək-tək öskürür. Kişi uşağı bağrına sığmış arvadına deyir:
– Həkim dedi ki, uşağın əynini qalın eləyin. Gör harda isti şey var, onu alaq.
Ana sevinə-sevinə deyir:
– Bu, nə qəşəngdir, içi də qalındı, bunu götürək. Hələ buna...
Kişinin üzü gülür, axı paltarlar çox ucuzdur. Uşağı ondan alıb deyir:
– Özünə də bir şey al.
Bir xeyli paltar yığıb fərəh və sevinclə satıcının stolunun üstünə qoyur, köməkləşib 22 manat pul çıxarırlar. Amma bu pullar seçdikləri paltarların hamısını almağa yetmir. Ana qırışığını pozmadan özü üçün götürdüyü paltarları yerinə qaytarır. Əri dodağının altında nəsə mızıldanıb udqunur.

Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsini xatırlayıram: “Ana yun jaketini çıxarır və bərk-bərk körpəsini büküb bürgələyir... Başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır”.

Məncə, düşünməyə bu qədər şey varkən, paltarın ikinci əl olmasını xatırlamaq mənasızdır. Bunları görəndə sümüyümə kimi sızıldadım. Fotoaparatı söndürüb, qələmi cibimə qoyub ağır adımlarla yerin altından çıxıram.

Dermotoloq Diana xanıma isə yenidən zəng etməyə ehtiyac yoxdur. Onun məsləhətlərini kimə vermək olar: Nəvəsinə paltar ala bilməyən nənəyə, islanmış oğlana, karakül eşqli xanıma, yoxsa övladına görə özünə aldığı paltarları geri qaytaran anaya?

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər