Həmişə oxucu kimi getdiyim Axundov adına kitabxanaya bu dəfə reportaj üçün getmişdim. İçəri yenə doludur. Gödəkcəmi qarderobçuya verirdim ki, onun giley-güzarını eşitdim. Saxlancdakı çantaları qaldırıb yanındakı xanıma pıçıldadı:
– Bu ağırlıqda “sumka” olar?! Götürə də bilmirəm.
Baxıram ki, çantanın ağzı azca açıq qalıb. Ordan sellofon torbaya bükülmüş çörək görünür. Yəqin kimsə özü ilə gətirib ki, acanda bufetdə mədəsin aldatsın.
Gödəkcəmi verib üz tuturam ikinci mərtəbəyə.
İşləməyən onlayın sifariş və qalaq-qalaq kataloq sürmələri
Pillələrlə yuxarı çıxıram. Kitab sifariş vermək üçün kataloqların yanındayam. Amma bu zaman sürmələrin stolun üstündə qalaq-qalaq yığıldığı diqqətimi çəkir. Xanımlar iş başındadır. Kartoçkaları yoxlayıb nəsə qeydlər aparırlar. Elə yaxınlaşıb məsələdən halı olurdum ki, işçilərdən biri üstümə bozardı:
– Zəhmət olmasa, bizə mane olmayın, biz bu barədə heç nə deyə bilmərik.
Dondum qaldım. Dedim ki, yeni elə əhəmiyyətlidir?
Hamısı bir ağızdan dillənir ki, müdriyyətdən icazəsiz heç nə deyə bilmərik.
Fikirləşdim ki, olsa-olsa katoloqlara yeni nəsə əlavə edirlər. Beləcə, onlarla sağollaşıb üzüm tuturam onlayın kitab sifarişi verilən yerə. Burda kompüterlərdə axtarış verib istədiyin kitabı seçirsən və bir müddət sonra oxucu biletini verib kitabı ala bilərsən. Elə biz də bunu əyani yoxlamaq istəyirik. Amma nəzarətçi sistemin bu gün işləmədiyini deyir. Arzum ürəyimdə qalır. Elə bu an digər işci sözə qarışır:
– Əgər istəsəniz, kitabın adını və məlumatların burdan götürüb, kağıza yazıb sifariş verə bilərsiniz.
Mirzə Fətəli Axundovun bədii və fəlsəfi əsərləri kitabını sifariş verib gəzə-gəzə gəlib çıxıram oxu zalına.
Şahbaz bəy obrazı və İsa Muğannanı oxuyan oğlan...
Burda oxumaq üçün hər şərait var. Rahat, işıqlı stollar, stullar...
Stolların arası ilə yavaş-yavaş gedib, boş yer axtarıram. Çətin də olsa tapıram. Bir ümumi stolda dörd nəfər oluruq. Nəzarətçi daim o baş-bu baş gedib səs-küy salanlara xəbərdarlıq edirdi. Gözlədim ki, fürsət yaransın, yanımdakı oxucuları danışdırım.
Az keçmişdi ki, sağ tərəfimdəki Aslanı astadan dindirirəm. O, tibbi profilaktika fakültəsinin beşinci kurs tələbəsi olduğunu və bura rahatçılığa görə gəldiyini deyir.
Aslan, indi nə oxuyursan? Bunlar tibbə aiddir?
– Tibbə aid deyil. İngilis dilini öyrənirəm. Türkiyədə oxumaq üçün imtahana hazırlaşıram.
– Nə yaxşı təhsilini burda davam etdirmirsən?
– İmkanları genişləndirmək üçün ora daha yaxşıdır.
Sonra sol tərəfimdə oturmuş Turalı sözə çəkirik:
– Siz nə oxuyursunuz? Bilmək olar?
– Mən Alman dilini öyrənirəm. Rezidenturanı orda oxumaq istəyirəm.
– Təsadüfən burda oturdum. Biriniz tibb universitetində oxuyursunuz, biriniz də artıq bitirmisiniz. Təhsilinizi xaricdə davam etdirmək istəyirsiz. Yəni oxuduğunuz bu neçə il bəs eləmirmi?
– Bilirsiz, rezidentlər burda xəstə görə bilmir. Yaxşı öyrətmirlər. Almaniya və Türkiyədə tibbi sığorta olduğundan orda həkim pul ummur. Bizdə isə həkim maaşa görə həm özəldə, həm dövlət xəstəxanasında olur. Rezidentləri də özəl kilinikaya aparmırlar deyə öyrənmək çətin olur.
“Yaxşı, sizi kitabdan ayırmayım deyib” o biri oğlanın əlindəki kitaba boylandım. O, İsa Muğannanın seçilmiş əsərlərini oxuyurdu. Aslanla yerimi dəyişib “İdeal”ı oxuyan oğlanın yanına keçirəm. Ona belə bir sual verirəm:
– Nə verir sizə bu kitab, necə anladınız? Hansı məqam sizi təsirləndirir?
– Vaxtım olduqca bədii kitablar oxuyuram. Mənə zövq verir. Bu romanda isə bu hissə məni tutub: “Oxu bu əsəri, dəhşətə gəl, ay qafil! Ayıl və anla ki “əbədiyyət” əfsanə deyil”. Çalışıram, oxuyub onun nə demək istədiyini öyrənim.
– Hansı universiteti bitirmisiniz?
– Heç bir yeri, orta təhsilliyəm.
Beləcə, təhsillərini xaricdə davam etdirmək istəyən oğlanlarla da sağollaşıb yavaş-yavaş oxu zalından çıxıram. Gəlib bayaq sifarişin verdiyim Axundovun kitabını götürürəm. Elə kitabı açıram ki, Şahbaz bəyin bu sözləri qarşıma çıxır: “Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda”.
Səssizlikdə oxuya bilməyən xanım...
Sonra diqqətimi bir xanım çəkir. Zalda o baş-bu baş gedir, əlindəki kitaba baxır, öz-özünə nağıl kimi nəsə danışır. Ona yaxınlaşıram. Deyir ki, səssizlikdə oxuya bilmirəm. Açığı, təəccüblənirəm:
– Ləman xanım, anlamadım?
O gülümsəyib cavab verir:
– Həm də özüm səsli oxuyuram. Ona görə burda gəzə-gəzə oxuyuram.
– Nə oxuyursuz elə?
– Türkiyəyə uzmanlığa imtahan verəcəm, ona görə ingilis dilini öyrənirəm.
Ona da uğurlar diləyib üz tuturam digər oxuculara. Beləcə, bir xeyli adam danışdırıram.
Maraqlı tanışlıq
Axundovun seçilmiş əsərlərini kitabxanaya qaytardım. Elə yavaş yavaş gedirdim ki, bir nəfər qolumdan tutur:
– Salam, sən burda neyniyirsən?
Yadıma düşdü ki, universitetdə eyni fakültədə oxumuşuq. Dedim ki, məni qoy bir yana. Sən hardan gəlib, hara gedirsən?
Elvin cavab verir:
– Doktoranturaya hazırlaşıram. Ona görə gəlmişəm bura.
– Səhərdən kimi dindirirəm, deyir, gedəcəm xaricə. Adam var küyə düşüb gedir, bəs sən necə?
– Amma bir yandan burda davam eləmək istəmirəm. Sənət deyil bu. Görüm alınsa, çıxıb gedəcəm mən də.
– De görüm, kitabxanada istədiyin kitabları tapa bildin?
– Hə yaxşıdı. Nə istəyirəm, var. Amma çıxıb gedəcəm, deyirlər təhsil xaricdə yaxşıdır.
– Tələsmə, gəl hələ bir. Çöldə güclü yağış yağır. Görək bir marşruta çata bilirikmi?
Birlikdə yavaş-yavaş pillələrlə aşağı düşürük və mən danışdırdığım oxucuların bəzi cümlələrini xatırlayıram:
“Bura bizə çox kömək olur”.
“Biz burda kitablarla baş-başa qalırıq”.
“Oxuyuruq, yazırıq öyrənirik”.
“Demək olar ki, vaxtımın çoxun burda keçirirəm”.
“Mən əminəm ki, burda kitabların əhatəsində yetişəcəm”.
Uğur olsun, dostlar. Oxuyun, oxumaq insanı Tanrıya yaxınlaşdırır.
Sərvər Şirin