Tarixi mənbələrdən Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi və həyat yoldaşı Həcərin övladının olmaması məlum idi. Ancaq bir müddət əvvəl özünü Nəbi və Həcərin kötücəsi kimi təqdim edən, əvvəllər Türkiyədə, hazırda isə Avstraliyanın Melburn şəhərində yaşayan Mehmet Elturanın müsahibəsi cəmiyyətdə çaşqınlıq yaratdı.
Bununla bağlı Teleqraf.com-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı,tarixçi Dilavər Əzimli Qaçaq Nəbiylə Həcərin övladının olmadığını bir daha təsdiqləyib: “Nəbiylə Həcərin yaşadığı dövr uzaq keçmiş deyil. Ancaq dövlət sənədlərində onların övladının olması barədə heç bir detal yoxdur. Bu tarix 20-ci əsrin əvvəlləridir. Yəni uzaq tarix olsa, bəlkə də, düşünmək olar ki, doğrudur. Ancaq bu barədə saysız-hesabsız yazılar, xatirələr var. Nəbinin yaşadığı kəndin adamları, ağsaqqalları var. Onların dilindən də belə söz eşidilməyib. Bir kənddə hansısa hadisə baş verəndə o, dildən-dilə hopur, nəsildən-nəslə ötür. Məsələn, məndən yaşadığım kəndin tarixini, yaşayışını soruşsanız, sənədlərdən, yazılardan çox dildən-dilə keçən, saf-çürük etdiyim məlumatları çatdıra bilərəm. Bu barədə orada yaşayan insanların danışdıqlarında Nəbiylə Həcərin övladı haqda söhbət keçmir.
Həmçinin, bu barədə arxivlər açılıb, sənədlər araşdırılıb. Bu sənədlərdə də belə fakta rast gəlinməyib. Əgər həqiqətən onların övladı olubsa, nəslinin hansısa nümayəndəsi ortaya çıxıbsa, onda onlar da buna dair sənədi üzə çıxarsınlar. Axı kimdir o uşaq, nəçidir? Elə bir sənəd olsa, mütləq ortaya çıxardı.
Həcərlə Nəbi haqqında çox iftira yayılıb. Bu, xalq qəhrəmanlarına qarşı yönəlmiş bir kampaniyadır. Deyirlər ki, o, erməniylə ailə qurub. Hər kəsin ailə qurmaq hüququ var. Ancaq onun erməniyə ərə verilməsi barədə söhbət absurddur. Amma bizim xatirəmizdə qalan Həcər Nəbinin Həcəridir. Onunla çiyin-çiyinə döyüşmüş Həcərdir. Məni onun övladının olub-olmaması maraqlandırmır. Ancaq bu böhtanlara son qoymaq lazımdır. Mənim üçün Həcər Nəbiylə bitir. Nəbi bitdi, Həcər də bitdi, qəhrəmanlıq savaşı da bitdi.
Kampaniyanın məqsədi qəhrəmanları gözdən salmaqdır. Bir vaxtlar Babəkə, Xətaiyə qarşı hücuma keçmişdilər. İndi də Nəbiylə Həcərə. Azərbaycanın möhtəşəm qadınına ləkə yaxmaq bizim cəmiyyətə yaraşmaz. O qadın ki, bütün dünya onun qarşısında baş əyir. Bu qadın həm gözəldir, həm qəhrəmandır, həm vəfalıdır. Bu kampaniya hələ çox davam edəcək”.
Sevinc