İran parlamentinin Xarici siyasət və təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsində baş verən hadisələrə görə Azərbaycan hakimiyyətini tənqid edərək nardaranlıları fəal olmağa çağırıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin hüquqşünas üzvü Çingiz Qənizadə Modern.az saytına açıqlamasında deputatın bu fikirlərini kəskin tənqid edib.
O qeyd edib ki, Mənsur Həqiqətpurun Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün etdiyi müraciət Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir: “Bu, ölkədə qarşıdurma yaratmaq üçün edilən müraciətdir. Bu cür çağırışı qətiyyətlə pisləyirəm və hesab edirəm ki, İran rəsmisinin bu cür çağırışlar etməsi yolverilməzdir. Çox Həqiqətpur ilk dəfə deyil ki, Azərbaycanla bağlı bu cür çıxışlar edir, ölkə həqiqətlərini görməzdən gəlir”.
Çingiz Qənizadə Həqiqətpurun “Azərbaycan hakimiyyəti səhv yoldadır və şiələrin hüquqlarını məhdudlaşdırmaqla paralel homoseksuallara geniş imkanlar tanıyır” fikirlərinə belə cavab verib: “Azərbaycanda heç vaxt İslam dininin məzhəblərinə qulluq edən şiələrin və sünnilərin arasında fikir ayrılığı olmayıb. Bu hadisələrdə şiə təriqətinin üzvlərinin fikirləri digər şiələrlə eyni deyil.
Çünki bir kəndi Azərbaycanla eyniləşdirmək dinlərarası, təriqətlərarası qarşıdurmaya aparır.
Bildiyiniz kimi, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edərkən məhz homoseksuallarla problem olduğunu xüsusi vurğulamışdı. Təəssüf edirəm ki, İran rəsmisinin mövqeyi Avropa Parlamenti ilə üst-üstə düşür.
Amma nəzərə alaq ki, Avropa hər zaman İrana qarşı olub. Deməli, aranı qarışdırmaq, fikirləri çaşdırmaq üçün lazım gəlsə çirkin iftira da atmaq Həqiqətpurun marağındadır.
O deyir ki, özünü demokratik sayan hökumət Allah evində mərasim zamanı dindarları öldürüb.
Əvvəla, belə deyil. Nardaran qəsəbəsində müəyyən birliyin üzvü olan insanlar Azərbaycan hökumətinə, ictimai-siyasi quruluşuna qarşı çağırışlar edirdi. Amma bu, bütün Nardaran da demək deyil.
Orada kifayət qədər savadlı, dünyagörüşlü insanlar, ağsaqqallar var. Amma indiki məqamda onlar şəraitə uyğunlaşıb sakit durmağa məcbur ediliblər. İnanıram ki, Nardaranda stabillik bərqərar olacaq.
Amma bir şey də var, Nardaran Azərbaycan hökumətinə tabe olmur, seçkilərin keçirilməsinə mane olur, istifadə etdikləri işığın, suyun, qazın haqqını ödəmirlər, hökuməti tanımadıqlarını bəyan edirlər.
Belə olan halda Azərbaycan hökuməti, hüquq-mühafizə orqanları qanun dili ilə danışmağa məcburdur. Bu zaman qarşıdurmaya yol verən birlik üzvləri səbəbindən yaralananlar və ölənlər olub. Bu Azərbaycanın siyasi mövqeyi deyil. Mənsur Həqiqətpru İrandakı azərbaycanlıların hüquqlarının pozulması, onların başına gətirilən olmazın oyunlarla bağlı danışmağa çağırıram. Azərbaycanın kiçik kəndində dini qarşıdurma yaratmağa son qoymağı tələb edir və onun bu çıxışını qətiyyətlə pisləyirəm”.