Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir etməkdə günahlandırılan deputat Naqif Həmzəyev bu gün Milli Məclisdə jurnalistlər üçün brifinq keçirib.
Teleqraf.com-un məlumatına görə, brifinqdə çıxış edən N.Həmzəyev deyib ki, onun fikirləri təhrif olunub: “Mən hər kəsin qarşısında bəyan edirəm: Mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər və bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər. Bir daha bəyan edirəm ki, mən Rəsulzadəni təhqir etməmişəm, etmək fikrim də yoxdur. Fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn juranalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin”.
Deputat Məhəmməd Əmin Rəsulzadə haqqında fikirlərini də bölüşüb: “Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir və onların xatirələrinin əbədiləşdiriməsi üçün lazımı addımlar atılır. Lazım gələrsə, digər işlər də görüləcək”.
Rəsulzadənin Gəncədəki büstünün başına torba keçirilməsi məsələsinə də toxunan N.Həmzəyev qeyd edib ki, millət vəkili nə heykəl qoymur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxil deyil.
Nemət