Cəlilabad rayon sakini gəlirləri barədə düzgün məlumat vermədiyi üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina olunub.
Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Cəlilabad rayonunun Adnalı kənd sakini İbadov Natiq Əligüşad oğlunun 3 nəfərdən ibarət ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün 6 oktyabr 2015-ci il tarixdə Cəlilabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edilib. Müraciətə əsasən, Mərkəzdəki müvafiq Komissiya tərəfindən N.İbadovun ailəsinin maddi-məişət şəraitinə baxış keçirilib. Aydın olub ki, N.İbadov son 1 ildə müasir tipli ikimərtəbəli ev inşa etdirib və onun bəyan etdiyi gəlirlərin həcmi ilə faktiki xərcləmiş olduğu vəsait uyğun gəlmir.
Ailəsinin gəlirləri barədə düzgün məlumat verməməsi səbəbindən müvafiq qanunvericiliyə uyğun olaraq Komissiyanın 9 oktyabr 2015-ci il tarixli 16/02 nömrəli qərarı ilə N.İbadovun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunmasından imtina edilib və bu barədə 12 oktyabr 2015-ci il tarixdə ona 258 nömrəli bildiriş göndərilərək məlumat verilib.
Eyni zamanda, Cəlilabad rayon Əhalinin sosial müdafiəsi mərkəzi ilə bağlı şər və böhtan xarakterli məlumatlar yaydığına görə N.İbadov barəsində hüquqi tədbirlər görülməsi üçün mərkəz tərəfindən aidiyyəti işlərə başlanılıb.
Bundan başqa, son günlər ayrı-ayrı mətbuat orqanlarında Cəlilabad rayonunda ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı edilən şikayətlərin araşdırılması zamanı məlum olub ki, vətəndaşlar rəsmi olaraq Cəlilabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinə deyil, onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəkləri vədi ilə “vasitəçilik fəaliyyəti” göstərən, ünvanlı yardımın təyinatı ilə heç bir əlaqəsi olmayan “dəllal işbazlara” müraciət edirlər. Vətəndaşların etibarından sui-istifadə edən, sənədlərini təqdim etdikləri şəxsə sosial yardım təyin olunmayacağı təqdirdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları barədə müxtəlif internet saytlarında şər və böhtan xarakterli məlumatlar yazdıracağı ilə hədələyən, qeyri-qanuni vasitəçiliklə məşğul olan həmin “dəllal işbazlar” barədə hazırda zəruri məlumatlar toplanır və onların fəaliyyətinə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara müraciət olunacağı bildirilir.
Naibə QURBANOVA