"İdmanla məşğul olanların sayı kütləvi şəkildə artacaq"
Bu gün Ambasador oteldə Medicabil Hospitalın (Türkiyə) Bakı ofisinin təşkilatçılığı ilə I Irəli Artroplasti seminarı keçirilib.
Teleqraf.com-un məlumatına görə, seminar Türkiyənin ortopediya və travmatologiya sahəsində tanınmış mütəxəssis Medicabil Hospitalın baş həkimi, professor doktor Ömer Faruk Bilgenin iştirakı ilə baş tutub.
Bakıda ilk dəfə baş tutan seminarda ortopedlər, travmatolqlar və digər səhiyyə nümayəndələri iştirak edib.
Ömer Faruk Bilgen travmatologiya sahəsindəki yeniliklərdən bəhs edərək hazırda yeni texnologiyalar sayəsində ən mürəkkəb sınıq və çıxıqların müalicə edildiyini deyib.
Mütəxəssis son vaxtlar dünyada, eləcə də Azərbaycanda ən çox müraciətlərin fəqərələrarası yırtıqla bağlı olduğunu bildirib. O əvvəllər bu xəstəliyə yaşlı adamlarda təsadüf olunduğu halda, indi gəncləşməsini hərəkətsizliklə izah edib: "Ümumiyyətlə, hərəkətsizliyin yaratdığı fəsadlar təkcə ortopedik problemlər deyil. Texnologiyanın inkişafı bizi bir yerdən digər yerə getmək üçün əngəlləyir. Saatlarla oturaq olmağımız isə sümük-oynaq xəstəliklərinə səbəb olur. Odur ki, son illər sümük xəstəliklərindən şikayətlənənlərin sayı çoxalıb. Ən yaxşı müalicə idman, hərəkətli həyat tərzidir. Hələ ki, bu fəsadlar bizim üçün yeni xəstəliklər sayılır. Amma özünüz də müşahidə edəcəksiz ki, bir neçə ildən sonra idmanla məşğul olanların sayı kütləvi şəkildə artacaq".
Ömer Faruk Bilgen son illər azyaşlılar arasında kalsium çatışmazlığı ilə bağlı halların artması barədə də açıqlama verib.
Mütəxəssis kalsium balansını qorumaq üçün ən yaxşı vasitənin düzgün qidalanma olduğunu deyib: "Əgər insan doğulandan sümüklərin formalaşma dövrü - 24 yaşadək düzgün qidalanarsa kalsium problemi olmaz. Xüsusən uşaqların qida rasionunda süd, pendir, yoqurtun olması vacibdir. Bunlardan vacib isə D vitamini qəbuludur, yəni günəşlə təmasda olmaq".
Seminarda azərbaycanlı və türkiyəli həkimlərin qarşılıqlı fikir mübadiləsi aparılıb, bu sahədəki yeniliklərdən bəhs olunub.
Naibə Qurbanova