17 Dekabr 2015 13:05
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxları soyuq fəsillərin infeksion və ya oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün ağır olduğunu düşünür. Həqiqətən elədir. Amma qış ayları diabet xəstələri üçün daha ağır keçir.

Bu barədə Türkiyənin Yeditepe Universitetinin daxili xəstəliklər üzrə mütəxəssisi Yaşar Küçükardalı açıqlama verib.

O, payız-qış mövsümünün diabet xəstələri üçün daha ağır olduğunu vurğulayaraq bu mövsümdə diabetiklər arasında ölüm faktının çoxaldığını deyib: “Buna səbəb artan infeksiya xəstəlikləri nəticəsində şəkərin yüksəlməsidir. Xəstələnən zaman qan şəkərini idarə etmək daha da çətinləşir. Bu səbəbdən diabet xəstələrinin qış mövsümündə orqanizminə diqqət etməsi çox vacibdir”.

Yaşar Küçükardalı şəkər xəstələrinin qrip və sətəlcəm əleyhinə peyvəndin vacib olduğunu deyib.
Bundan başqa, mütəxəssis təkcə diabetli xəstələrin deyil, bütün insanların xəstənləməsinə gətirən əsas problemin qidalanma ilə bağlı olduğunu söyləyib: “Qış aylarında insanlar yediklərinə daha çox diqqət göstərməlidir. Xüsusilə soyuq aylarda karbohidratla zəngin yeməklərin qəbunu günlərə bölmək lazımdır. Yəni hər gün ağır yeməklər olmaz”.

Qışı yayda düşünmək lazımdır

Payız-qış fəsli digər xroniki xəstəliklərin də kəskinləşdiyi mövsümdür. Terapevt Könül Mahmudova deyir ki, fəsil dəyişkənliyinin insan oqranizminə təsiri təbiidir: “Bütün orqanizmlər temperaturun kəskin dəyişməsinə reaksiya verirlər. İmmun sistemi zəif olanlar xüsusilə mövsüm dəyişməsinə həssas olurlar. Belə insanlarda soyuq aylarda xroniki xəstəliyin kəskinləşməsi halı baş verir.

Məsələn, əgər bir insanda bronxit varsa, xəstəliyi kəskinləşir. Əsasən ağ ciyər, mədə-bağırsaq sistemi xəstəlikləri bu fəsildə aktivləşir. İmmun sistemi zəif insanlarda ümumi halsızlıq müşahidə olunur, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti azalır".

Həkim deyir ki, orqanizmi təkcə qış mövsümündə qorumaq olmaz: “İsti aylar, meyvə-tərəvəzin bol olduğu fəsillər orqanizmi gücləndirmək üçün ən yaxşı dönəmdir. O vaxtlarda qəbul edilən vitaminlər orqanzimi möhkəmləndirmək üçündür. Bununla belə, bədənin immun sisteminin möhkəm olması üçün mütəmadi qulluq lazımdır.

Həkimə müraciət edə bilməyən insanlar da xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran şirələrdən istifadə etməlidir. Ev şəraitində yerkökü, alma, nar, çuğundur, balqabaq şirəsini hazırlayıb içmək faydalıdır. Havalar soyuyanda əsasən insanlar ev şəraitindən çıxmamağa üstünlük verirlər. Amma əksinə, isti geyinib açıq havada gəzmək lazımdır ki, mövsüm xəstəliklərinin qarşısı alınsın".

“İsti otaqlarda hava çirkli olur”

Könül Mahmudova adi qaydalara riayət etməklə xəstəliklərdən qorunmağın mümkünlüyünü deyir: “Xüsusilə əl təmizliyinə diqqət göstərin. Burnunuza və gözünüzə təmasa diqqət edin. Bağlı məkanlardan, ventilyasiyası yaxşı olmayan yerlərdən mümkün qədər uzaq dayanın. Mühit istiliyinin normalda 25, yuxu zamanı 22 dərəcə olmasına çalışın. Xüsusilə C vitamini ilə zəngin meyvə və tərəvəzləri yeyin. Yaydakı qədər su içməsəniz də, nə çox isti, nə də çox soyuq olmaq şərti ilə maye qəbulunu artırmaq lazımdır. Xroniki xəstəliklər mövsüm boyunca kəskinləşib stabilləşdiyi üçün antibiotiklərdən istifadəni minimuma endirmək pis olmaz”.

Terapevt bu mövsümdə xüsusilə uşaqlara diqqət göstərməyi vacib sayır. O, uşaqların immun sistemi çox zəif olduğu üçün yazda uşağın orqanizmini yay, payızda isə qış üçün hazırlamağı məsləhət görür:

“Gigiyenik qaydalara əməl etmək və onların qida rasionunu vitamin və mineralların bol olduğu qidalarla zənginləşdirmək məsləhət görülür. Meyvə-tərəvəz, ağartı məhsulları, meyvə şirələri uşaqların vitamin ehtiyacının ödənilməsi üçün çox vacibdir. Çünki bu cür qidalanmaq orqanizmi lazım olan vitaminlərlə təmin etmiş olur. Həddindən artıq qalın geyindirmək məsləhət deyil.

Bədəni isti saxlayan və tərlətməyən paltarlara üstünlük verilməlidir. Otaqların qızdırılmasına da xüsusi diqqət ayrılmalıdır. Çünki həddindən artıq isti otaqlarda hava əsasən çirkli olur və bu da tənəffüs sisteminə ziyandır. Azyaşlılara, astma xəstələri və allergi dəri xəstəliyi olanlar çirkli havası olan yerlərdə çox dayanmamalıdırlar".

İtburnu çayı içmək, yoqurt yemək

Son vaxtlar türkəçarə üsullara, təbii vasitələrlə sağalmağa üstünlük verildiyindən soyuq mövsümün xəstəlikləri ilə mübarizə aparmağın üsulları barədə fitoterapevtdən məsləhət aldıq.

Fitoterapevt Füzuli Hüseynov deyir ki, qışda çoxlarının yoluxduğu qrip, faringit, soyuqdəyməyə qarşı ən effektiv mübarizə üsulu bitki çaylarından istifadədir. Bunun üçün adaçayı, limonlu çay, itburnu çayı əvəzsizdir.

Tərkibində B1, B2, P, K VƏ C vitaminləri, kalsium, magnezium və fosfor olan itburnu meyvəsi bir çox xəstəliklərin müalicəsində faydalıdır. İtburnu nəfəs yolu infeksiyalarına və soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır. Revmatizim və oynaq ağrılarına da müsbət təsiri var. Bir şeyi bilmək vacibdir ki, itburnu bitkisində C vitamini portağaldan daha çoxdur. Bu xüsusiyyətinə görə itburnu çayının orqanizm üçün əhəmiyyəti heç də portağaldan az deyil".

Amma itburnudan çay dəmləməyin incəlikləri də var ki, bunu müsahibimiz özü izah etdi: “İtburnu çayını dəmləməmişdən əvvəl qurudulmuş itburnular yuyulur və bir az suda qaynadılır. İlk qaynatma zamanı itburnu sadəcə, yumlaşır, sonra onun suyunu atıb yenidən dəmləmək lazımdır. İtburnu çayına darçın və mixək də əlavə edib dadını xoşagələn etmək olar. Yaşıl çay içmək də faydalıdır. Onun tərkibindəki faydalı fermentlər bakteriyaları neytrallaşdırır”.

Füzuli Hüseynov tərkibində laktobakteriyalar olan yoqurtun xəstələnmək imkanını azaltdığı üçün rasiona bu məhsulu da əlavə etməyi məsləhət görür.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər