2016-cı il fevralın 1-dən 6-dək Tokio Universiteti və universitetin Muzey Departamentinin professoru, Qədim Ön Asiya arxeologiyası üzrə dünya şöhrətli alim Yoşihiro Nişiaki və Tokio Qədim Şərq Muzeyinin mütəxəssisi Kazuya Şimoqama Bakıda elmi ezamiyyətdə olublar.
Yapon alimlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda, İnstitutun Elmi Ekspozisiya Muzeyində və Arxeoloji Fondunda azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, ən qədim dövrlərə aid mühüm arxeoloji tapıntıların bir qisminə baxış keçirilib.
Yaponiyalı arxeoloqların marağına nə səbəb olub?
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun sözlərinə görə, Azərbaycanın qərb rayonları üzrə ekspedisiyanın nəzdində ekspeditor Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz rayonunda yerləşən Göytəpə arxeoloji ekspedisiyası neolit yaşayış məskənində 7 ildən çoxdur elmi baxımdan mühüm əhəmiyyət kəsb edən tədqiqat aparır. Bu tədqiqat işlərində Göytəpə neolit məskəni yapon arxeoloqların da marağına səbəb olub.
Onlar həmin rayon ərazisində və ona bitişik Ağstafa, Gədəbəy, Qazax rayonlarında da tədqiqatlara başlayıblar: “7 il ərzində Tovuz bölgəsində eramızdan əvvəl VI minilliyə aid olan Göytəpə neolit yaşayış məskəni əsaslı şəkildə araşdırılaraq öyrənilib. Bundan əlavə, Göytəpə arxeoloji kompleksinin yaxınlığında aşkarlanan, eramızdan əvvəl VII minilliyin sonlarına aid, Göytəpədən daha qədim Hacıələmxanlı qədim yaşayış yeri tədqiq edilib.
Hacıələmxanlı Cənubi Qafqazda ən qədim yaşayış məskənidir. Bu cür qədim məskəni nə Gürcüstanda, nə də bədnam qonşularımızın ərazilərində var. Bu tədqiqat işində müasir elmin müxtəlif sahələrini cəlb etməklə, əsas ağırlığı yapon ekspedisiyası öz üzərinə götürdü. Ərazidən əldə olunan paleobotanik materiallar, sümük materialları analiz olunduqdan sonra unikal elmi tədqiqat işləri əldə olundu və hələ də bu tədqiqatların nəticələri analiz edilməkdədir".
Pərviz Qasımov dedi ki, ilk dəfədir Azərbaycan ərazisində qədim yaşayış məskəni bu qədər dərin və elmin ən son yenilikləri tətbiq etməklə tədqiq olunur: “Bu ilin may ayında Tokio Universiteti və universitetin Muzey Departamentində Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılara həsr olunmuş sərginin təşkili nəzərdə tutulub. Tədbir çərçivəsində Azərbaycan və Yaponiya arxeoloqlarının Tovuz bölgəsində yeddi il ərzində apardığı arxeoloji tədqiqatların son nəticələri ilə bağlı elmi seminar keçiriləcək.
Tokio Universitetinin təşkilatçılığı və Yaponiya (Qərbi Asiya üzrə) Arxeologiya Cəmiyyətinin dəstəyi ilə keçiriləcək seminarda AMEA Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Fərhad Quliyev “Göytəpə neolit kəndinin oturaq həyat tərzli erkən əkinçi tayfaları” mövzusu ilə əsas məruzəçi olacaq".
Pərviz Qasımovun sözlərinə görə, 2009-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tokio Universiteti və Muzey Departamenti ilə müştərək elmi tədqiqatların aparılması ilə bağlı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb: “7 il ərzində mühüm materiallar toplanıb və təhlil edilib. Hazırda hər iki abidənin keçmişi ilə bağlı əldə olunmuş mühüm elmi məlumatlar ABŞ-ın, Fransanın, Yaponiyanın ingilisdilli, nüfuzlu elmi jurnallarında əksini tapıb”.
2016-cı ildən etibarən isə Azərbaycan və Yaponiya arxeoloqlarının müştərək tədqiqatlarının yeni istiqamətlər üzrə davam edəcəyi gözlənilir. Cari ildə Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyən etmək üçün əsaslı arxeoloji tədqiqatlara başlanması nəzərdə tutulub: “2015-ci ildə yapon arxeoloqlar qocaman arxeoloq Mənsur Mənsurov və Azad Zeynalova müraciət etdilər ki, regionda daha qədim yaşayış məskənləri haqqında məlumat əldə etsinlər. Belə nəticəyə gəlindi ki, 2016-cı ildən Göytəpə və Hacıələmxanlı qədim yaşayış məskənləri ilə yanaşı, daha qədim insanların yaşadığı məskənlər aşkar olunsun.
Ona görə də həmin mütəxəssislərin iştirakı ilə göstərilən ərazidə aparılacaq tədqiqatların əsas obyekti - Orta və Yuxarı Paleolit, Mezolit və Neolit dövrlərinin bütün mərhələlərini özündə cəmləşdirən və nadir abidələr sırasında olan Damcılı mağarasıdır. Tədqiqatlar Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Tokio Universiteti və Tokio Universitetinin Muzey Departamenti ilə birgə qarşılıqlı əməkdaşlığı sayəsində həyata keçiriləcək.
Bu, Azərbaycan arxeologiyası üçün mühüm əhəmiyyətə malikdir. Çünki analitik və laborator təhlil bütünlükdə yapon mütəxəssislər öz üzərinə götürüblər və bununla da Azərbaycanın arxeologiya sahəsində görülən işlər dünya miqyasına çıxarılmasına töhfə verəcək".
Pərviz Qasımov hesab edir ki, bu cür arxeoloji tədqiqatlar dünyada ən qədim yaşayış məskənlərindən olan, hazırda Azərbaycanın işğal olunmuş ərazisi - Azıx mağarasında aparılsaydı, daha uğurlu nəticələr əldə etmək mümkün idi.
Azıx mağarasını 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə Paleolit Arxeoloji Ekspedisiyası aşkar edib. Bu yaşayış məskənində ən qədim layın yaşı təqribən e.ə. 350 min ilədəkdir: “Azıx mağarasında min illər boyu toxunulmamış qədim insan qalıqları tapılmışdı. Elm üçün nadir hadisə olan bu tədqiqat işi hazırda yapon arxeoloqların iştirakı ilə tədqiqat işinə cəlb edilsəydi, əlbəttə, daha uğurlu nəticələr əldə etmək mümkün idi. Çünki əksər elm sahələrində olduğu kimi, arxeologiya sahəsində də yapon alimlərinin tədqiqatı öndə gedir”.
Sevil Hilalqızı