Fevralın 10-11-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də ehtiyacı olan insanlara yardım üçün ənənəvi qanvermə aksiyası keçirilib.
QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək olub: “Bu aksiya Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəkdir. Könüllülük prinsipi ilə təşkil edilən bu aksiyada metropoliten işçiləri iştirak ediblər. Qan vermək üçün müraciət edənlərin rahatlığını təmin etmək üçün tədbir iki gün ərzində təşkil olunub. Əvvəlcə müəssisənin texnoloji korpusu və idarə aparatı binasında, bu gün isə “Nərimanov" elektrik deposunda keçirilib. Tədbirdə 160, “Nərimanov” elektrik deposunda isə 170 nəfər metropoliten əməkdaşı iştirak edib”.
Qeyd edək ki, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, onlardan qan analizi götürülüb. Yığılan qan ehtiyatı isə yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Naibə QURBANOVA