Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbulun nəticələri müzakirə olunub.
AMEA-dan Teleqraf.com-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır. Akademik vurğulayıb ki, namizədlər üçün doktorluq mövzuları müəyyən edilərkən cəmiyyətin və əmək bazarının tələbi də nəzərə alınmalıdır.
AMEA rəhbəri qeyd edib ki, mövzuları təsdiq edilmiş fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş namizədlər dissertasiyalarında elm üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif etməli, böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhini verməlidir. Dissertasiyanın əsas ideyaları və nəticələri, onun yenilik dərəcəsi, həmçinin tədqiqatın elmi və praktiki əhəmiyyəti, tədqiqatlarda müəllifin şəxsi töhfəsi yüksək səviyyədə olmalıdır.
Sonra Akif Əlizadə doktorantların dissertasiya mövzuları ilə tanış olub, mövzular ətrafında fikir mübadiləsi aparılıb. AMEA rəhbəri elmi bölmələrə gələcəkdə də dissertasiya mövzularının seçilməsi zamanı elmin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələrini tövsiyə edib.
SEVİL