Hazırda iqtisadi böhrandan çıxış yollarını arayan dövlət, hökumət nümayəndələri və mütəxəssislər ən mümkün variantlardan birini sahibkarlığın inkişafında görür. Azərbaycan müstəqillik dövrünə qədəm qoyana qədər ölkəmizdə yüngül, ağır, yeyinti sənayesində müxtəlif çeşidlər üzrə fəaliyyət sahələri olub.
Mütəxəssislər də hesab edir ki, vaxtilə Azərbaycanda səmərəli fəaliyyət göstərən həmin müəssisələr müasir texnologiyalarla və işçi kadrlarla təmin olunmaqla yenidən aktiv, təkmil fəaliyyətə başlasın.
Sovetlər dönəmindən əsası qoyulan və bu günə qədər fəaliyyətdə olan Teymur Əhmədov adına “AzNar” Oapalı Səhmdar Cəmiyyətində (QSC) görülən işlər də cəmiyyətdə inkişaf etmiş sahibkarlıq sahəsi kimi tanınır.
QSC-nin fəaliyyəti ilə maraqlandıq. Müəssisə hansı adda məhsullar istehsal edir, günlük istehsal həcmi nə qədərdir, istehsal texnologiyasında hansı yeniliklər edilib, hansı adda məhsullar ixrac olunur, əsasən hansı ölkələrdə “AzNar”ın məhsullarına tələbat var və sair bu kimi suallarla müəssisənin baş direktoru Fərəc Əhmədova müraciət etdik.
Milyarder “AzNar”ı necə aldı?
Baş direktorun sözlərinə görə, “AzNar” 1982-ci ildə fəaliyyətə başlamış Göyçay Konserv Zavodunun nəzdində yaradılıb. Vaxtilə zavodun istehsalında nar şirələri üstünlük təşkil edib, köməkçi məhsullar kimi pomidor və xiyardan konserv və marinad məhsulları, müxtəlif meyvələrdən şirələr, kompotlar, cem və povidlolar istehsal edilib.
Eləcə də pomidor şirəsi o dövrün tələbatlı məhsullarından olub.
Haşiyə: “AzNar” OSC-dən verilən məlumatda deyilir: “QSC-nin yaranması 2006-cı ilin may ayına təsadüf edib. Rusiyada yaşayan azərbaycanlı tanınmış iş adamı, milyarder Fərhad Əhmədov zavodu öz şəxsi hesabı ilə aldıqdan sonra müəssisə tamamilə yenilənib. Avropa standartlarına cavab verən texnoloji avadanlıqlar quraşdırılıb. Əl əməyi demək olar ki, sıradan çıxıb.
Nar tumundan yağ alınması üçün Amerikadan avadanlıq da alınıb. Bu, Azərbaycan sənayesinin yeni məhsullarındandır.
QSC-də hazırda gündəlik istehsal edilən məhsullar bunlardır: nar şirəsi, alma, heyva, ağ üzüm, qara üzüm şirəsi və onlardan hazırlanan qarışıq şirələr.
Göyçayın atributu olan nar meyvəsindən şirə ilə yanaşı, qatılaşdırılmış şirə və bəzi yeməklərin qəbulunda əsas yer tutan narşərab da “AzNar”ın məhsuludur. Hazırda kompot istehsalı da bərpa edilib. Müəssisədə zoğal, yemişan, nar, heyva və qarışıq kompotlar istehsal olunur.
Yerli əhalinin alıcılığı aşağıdır
Fərəc Əhmədov istehsal üçün lazım olan xammalın Göyçay və Azərbaycanın müxtəlif rayonlarından alındığını bildirib: “Xammal yetərincədir, xarici ölkələrdən xammal almırıq. Məhsullarımıza tələbat əsasən sərin aylardadır. Düzünü desək, yerli əhalidə bizim məhsullara tələbat bir o qədər yüksək deyil. Məhsulumuz 100% təbiidir, buna görə də qiymətlər əhalinin əsas hissəsinin alıcılıq qabiliyyətində deyil.
Gündəlik istehsal gücümüz 10-20 ton həcmindədir. İstehsal prosesində istifadə edilən taraların bəzisi xarici ölkələrdən alınır. Bunlardan istifadə etdiyimiz fermentlər, şüşə qablar və qapaqları misal göstərmək olar".
Xarici investorlar vergilərdən azad olunsun
Baş direktor “AzNar”ın fəaliyyətinin daha da intensivləşməsi üçün QSC-nin müvafiq təkliflərini də səsləndirib: “Bu təklifləri aidiyyəti təşkilatlara təqdim də etmişik. Məsələn, təklif edirik ki, uyğunluq və gigiyenik sertifikatı ildə bir dəfə deyil, üç ildən bir alınsın. Yaxud xaricdən alınan mallara 15 faiz idxal rüsum ləğv edilsin, əlavə dəyər vergisi (ƏDV) azaldılsın və ya ləğv edilsin. Ümumiyyətlə, xarici investorların vergilərdən azad edilməsi istehsalın inkişafına mühüm dəstək olardı”.
“AzNar” niyə Teymur Əhmədovun adını daşıyır? Suala baş direktor belə cavab verib ki, Göyçayda şirə zavodu və ya konserv zavodu dedikdə birinci növbədə mərhum Teymur Əhmədov yada düşür: “Çünki Teymur müəllim Göyçayda köhnə zavod deyilən təşkilata rəhbərlik edib, həmin zavod istehsal ilə məşğul olub. İlk dəfə Göyçaya nar şirəsi istehsal etmək üçün avadanlığı Teymur Əhmədov gətirib və istehsala başlayıb.
Bu səbəbdən o, Göyçayda nar şirəsinin ilk istehsalçısı kimi tanınıb. 1982-ci ildə əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan konserv zavodunun tikilməsində də Teymur müəllimin xidmətləri olub.
Hazırkı zavodun investoru onun oğlu Fərhad Əhmədovdur. Zavod onun ilk qurucusu olmuş Teymur Əhmədovun adını daşıyır".
“Göyçayda min hektar nar bağlarımız var”
“AzNar”ın sahibi Fərhad Əhmədova istinadla mətbuatda belə bir fikir bildirilib: “Nar dünyanın çox az ölkəsində bitir, bu da təbiətin torpaqlarımıza səxavətinin bir simvoludur”. Narçılıq təsərrüfatının inkişafı üçün “AzNar” mütəxəssisləri torpağımızın və Göyçay narının indiki durumunu necə qiymətləndirir?
“AzNar” QSC-nin min hektar nar bağları olduğunu qeyd edən baş direktor bu suala cavabda bildirib ki, yeni salınmasına baxmayaraq, nar bağlarının məhsullarından müəssisədə emal zamanı istifadə edilir: “Narçılıq təsərrüfatının inkişafı üçün ”AzNar"-a aid olan sahələrə kənd təsərrüfatı üzrə mütəxəssislər aqrotexniki qaydada qulluq edirlər. Meliorasiya və budama işlərinin vaxtında aparılması onların fiziki inkişafına müsbət təsir edir. Torpaqlarımızın indiki durumunda onu deyə bilərik ki, nar bağları yerləşən torpaqların çox hissəsi boz və boz-çəməni torpaq olmaqla orta dərəcəli sayılır. Belə torpaqlarda üzvü (təbii peyin), qeyri-üzvü mineral maddələri düzgün tətbiq etməklə həm məhsuldarlığı yüksəltmək, həm də nar meyvəsinin keyfiyyətini yüksəltmək olar".
Sevil Hilalqızı