22 Fevral 2016 00:20
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənbəyini Ermənistandan alan Debed çayı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan keçir. Kənd sakinləri bu çayın suyundan istifadə edərək, kənd təsərrüfatı məhsulları becərirlər. Debed çayının suyundan isə istifadə etmək olmaz, çünki bu su ekoloji cəhətdən yararlı deyil”. Bunu Gürcüstanın sabiq ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Nino Çxobadze APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ sovet dövründə Ermənistandan axan Debeda çayının sularından istifadəyə qadağa qoyulub, 2006-cı ildə isə bu qadağa aradan qaldırılıb: "Bu, sərhədyanı çay sayılır. Bu çay kimyəvi maddələr və məişət tullantıları ilə çirkləndirilib. Biz hesab edirik ki, bu çayın sularına ekoloji cəhətdən nəzarət gücləndirilməlidir. Gürcüstanda çay sularının təmizliyinə nəzarət üçün regional stansiya fəaliyyət göstərir və bu stansiyanın əməkdaşları mütəmadi olaraq monitorinq keçirməli, nəticə barədə əhaliyə məlumat verməlidir. Təəssüf ki, əhaliyə informasiya çatdırılmır. Bu informasiyanı əldə etmək üçün ictimai nəzarət sistemi gücləndirilməlidir. Dövlət sərhədyanı əhəmiyyət kəsb edən bu çayın sularının təmiz olmasına nəzarət etməlidir”.

N. Çxobadze bildirib ki, sərhədyanı çay funksiyasını yerinə yetirən Debad çayının özünəməxsus öhdəliyi var: "Ermənistan Sərhədyanı Su Konvensiyasının üzvüdür, lakin Gürcüstan hələlik bu konvensiyanın üzvü deyil. İndi qəbul etdiyimiz Avropa sazişi bizi götürdüyümüz öhdəlikləri yerinə yetirməyə çağırır. Bizim ölkədən də Azərbaycana çaylar axır, lakin hələlik bizim də təmizliyə nəzarət edən qurğularımız yoxdur. Bu gün biz ən başlıcası, monitorinq həyata keçirmək və çay sularının ekoloji təmizliyi barədə əhalini məlumatlandırmalıyıq. Bununla biz Avropa standartlarına cavab verən ekoloji cəhətdən təmiz olan məhsullar becərə bilərik".

N. Çxobadze Marneuli bölgəsində torpaqların tarixən ağır metallarla çirkləndirildiyini də qeyd edib.

N. Çxobadze Marneulidə içməli və suvarma suyunun ekoloji cəhətdən yararsız olduğunu deyib: "Burada "Su" şirkətinin də olduğunu bilirəm. Marneuli rayon icra hakimiyyəti bu istiqamətdə çalışmalı və xüsusi proqramlar həyata keçirməklə problemləri həll edə bilər. Bizə bu gün məlumdur ki, Gürcüstanın İnfrastruktur Nazirliyi Marneulidə bu istiqamətdə layihələr həyata keçirir. Biz hesab edirik ki, bu problemləri Avropa sazişinin öhdəlikləri çərçivəsində yerinə yetirməliyik. Asiya İnkişaf Bankı da şəhərlərin su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 0,5 milyard dollar ayırıb. Bu kredit çox ciddidir və dövlət üçün sərfəlidir. Bu vəsait düzgün yerinə yetirilməlidir," deyə sabiq nazir açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər