26 Fevral 2016 15:16
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərə çıxan, açıq havada işə başlayan, təbiətlə təmasda olan hər kəs əvvəlcə hava proqnozu ilə maraqlanır. Qışda soyuğu-şaxtanı, yayda qızmar istini, yazda-payızda yağışı nəzərə almalı oluruq. Hələ meteo-həssas insanlar üçün qəfil iqlim dəyişikliyinin necə əhəmiyyətli rol oynadığını demirik. Bir sözlə, insanların təbiətdən asılılığı azalsa da, hava proqnozu olmadan yaşamaq, işləmək, iqlim anomaliyalarından qorunmaq qeyri-mümkündür.

Bəs hava proqnozları necə hazırlanır?

Suala cavab aramaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna yollandıq.
Büroya daxil olanda ilk diqqətimizi çəkən işçilərin əsasən qadın və gənclərdən ibarət olması idi.

Fasiləsiz iş rejimi

Əvvəlcə Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova ilə söhbətləşdik.
Onun sözlərinə görə, hava proqnozu Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunda tərtib olunur. Hazırda büroda 5 şöbə, 2 qrup fəaliyyət göstərir: “Şöbələrdən birincisinin adı qısamüddətli proqnozlar şöbəsidir. Fasiləsiz iş rejimində çalışır. Hər 3 saatdan bir stansiyadan faktiki məlumatlar gəlir və kodlaşdırılır. Çox çətin, maraqlı, eyni zamanda məsuliyyətli işdir. Kollektivimiz öz işini həvəslə yerinə yetirirlər”.

Ölkə ərazisində, Xəzər dənizi akvatoriyasında sutkalıq, yarımsutkalıq, gözlənilən təhlükəli və ifrat təhlükəli xəbərdarlıqlar hazırlandığını deyən direktor müavini bildirir ki, hazırlanan proqnozlar təşkilatlara, qurumlara və Kütləvi İnformasiya Vasitələrinə gündəlik hava haqqında məlumat çatdırılır: “Uzunmüddətli proqnozlar şöbəsində isə ölkə ərazisi və Xəzər dənizi akvatoriyası üzrə sonrakı iki sutkalıq, həftəlik, aylıq proqnozlar tərtib olunur. Hidroloji proqnozlar şöbəsinin əsas vəzifəsi hidroloji məntəqələrdən gələn bütün növ müşahidələri təhlil etməkdən, respublika çayları üçün sutkalıq və 2 günlük gözlənilən sululuğa dair icmal, qısamüddətli (ongünlük) və uzunmüddətli (aylıq və yaz-yay gürsululuq dövrü) proqnozlar hazırlamaqdan, dağ çaylarında gözlənilən daşqın, sel, eləcə də subasma ilə əlaqədar xəbərdarlıqlar verməkdən, müvafiq təşkilatlara çatdırmaqdan ibarətdir.

Hidrometeoroloji və təhlükəli hidrometeoroloji hadisələrin operativ informasiya şöbəsi fasiləsiz iş rejimində sutka ərzində aparılan bütün meteoroloji, aeroloji, radiolokasiya, hidroloji, dəniz muşahidə məlumatlarının və təhlükəli hidrometeoroloji hadisələr haqqında məlumatların toplanması və təhlili prosesi həyata keçirilir.

Proqnoz metodları və iqlim xidmətləri şöbənin funksiyasına Ümumdünya Meteorologiya Təşkilatının müəyyən etdiyi Qlobal və İqlim Mərkəzləri ilə əlaqələrin genişləndirilməsı, qlobal və regional iqlim modellərinin fəsillik və daha uzunmüddətli dövr üçün nəticələrinin istifadəçilər üçün anlaşılan formada şərh edilməsinə xidmət göstərir".

3 saatdan bir hava proqnozu

Hidrometeoroloji və təhlükəli hidrometeoroloji operativ informasiya şöbəsi 2010-cu ildə yaradılıb. Bu bölmədə hidroloji, meteoroloji, aeroloji, radiolokasiya məlumatlar toplanır. Proqnozlar tərtib edildikdən sonra məlumatlar kompüterə yığılır.

Gülşad Məmmədova deyir ki, ölkə ərazisində 87 stansiya fəaliyyət göstərir ki, bunlardan da 32-si avtomat stansiyadır. Stansiyalardan hər 3 saatdan bir küləyin istiqaməti və sürəti, temperatur, şeh nöqtəsi, atmosfer təzyiqi, buludluq, yağıntı haqqında məlumatlar daxil olur.

“Proqnozların doğrultma faizi 94-96 faizdir”

Gülşad Məmmədovanın sözlərinə görə, proqnozu tərtib edərkən bir çox materiallardan istifadə olunur: “Peyk vasitəsi ilə də materiallar alırıq. 48, 72, 96, 120 saatlıq, yəni 2 və 3 sutkalıq proqnozların tərtibatında yerüstü və hündürlük xəritələrindən istifadə edirik”.

Direktor müavinin sözlərinə görə, hava proqnozlarının özünü doğrultma faizi yüksəkdir. “Proqnozların tərtibatına məsuliyyətlə yanaşırıq. Çünki insanlar evdən çıxmazdan əvvəl, istirahətə, işə gedəndə ilk olaraq hava haqqında məlumata baxırlar. Bizim proqnozların doğrulma faizi 94-96 faizdir. Çalışırıq ki, işimizdə səhv olmasın. Səhv də mümkündür, bunu təbii qəbul eləmək lazımdır.

Rənglər və mənaları

Büroda iki böyük elektron tablo var. Xəritələrdəki rənglərin mənasını anlatmaq üçün Peyk və MRL məlumatların işlənməsi qruplarının rəhbəri Fərqanə Həsənova məlumat verdi.

Qruplarının rəhbəri deyir ki, rənglər atmosfer hadisələrini bildirir: “Göy rənglər rütubətli yerlərdir, qırmızı rənglənmiş ərazilərdə qar yağacaq, boz rənglər buludluluğu, sarı rənglər dumanı, açıq-mavi yağışı, tünd-mavi yağışın intensivliyini göstərir.

Proqnozların tərtibatında Avropa peyk sistemlərindən də istifadə olunur. Peyk görüntüləri 15 dəqiqədən bir yenilənir. Hava proqnozlarının tərtibi onlarsız mümkün deyil. Dörd bölgədə MRL-dan istifadə edirik. Onların əsasında harada yağış, dolu olacağı məlumatlarını əldə edirik".

Proqnozun meteohəssas insanlara təsiri...

Gülşad Məmmədova deyir ki, güclü şimal-qərb və cənub küləyinin təzadlı dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yaradır: “Küləklərin istiqaməti də ölçülür. Paytaxtda cənub-qərb küləyinin üstünlüyü temperaturun artmasına şərait yaradır. Güclü şimal-qərb küləyi əsirsə, deməli, havanın temperaturu aşağı düşəcək. Bilirsiniz ki, küləyin təzadlı dəyişkənliyi meteohəssas insanlardan da yan keçmir. Güclü şimal-qərb küləyi gözləyiriksə, temperaturun aşağı enməsi qaçılmazdır. Bu zaman bəzi meteohəssas insanlar özlərini pis hiss edirlər”.

Proqnozlar Bürosunun mühəndisi Esmira Əsgərova isə büroda tərtib olunmuş proqnozları müxtəlif təşkilatlara göndərir.

Dəniz stansiyalarından da -Neft Daşları, Pirallahı, Çilov adası, Qumadasından da faktiki məlumatlar alınır.

Büronun iş fəaliyyətində istifadə olunan texnologiyalar

TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemidir. Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilib, 2010-cu ildə isə onun son versiyası gətirilib.

Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.

EUMETSAT peyk sistemi isə 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər