29 Fevral 2016 14:05
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkərli Diabet üzrə “2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həmin illər üzrə Səhiyyə Nazirliyinin təsdiqlədiyi “Tədbirlər Planı” da bir sıra tədbirlər nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi aiddir. Bundan başqa, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi nəzərdə tutulub. Pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmiş hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi planlaşdırılır. Görüləcək tədbirlərə şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, “Diabetik pəncə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi də daxildir. Bundan başqa, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkətli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropotoloqlar, genekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil etmək də nəzərdə tutulub.

Eyni zamanda ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkil etmək və bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin , plakatların çapını və KİV vasitəsi ilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi və.s bu kimi tədbirlər nəzərdə tutulmuşdur.

Nazirlikdən bildiriblər ki, hazırda 208 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.

Naibə QURBANOVA


Müəllif: