2 Mart 2016 14:13
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) keçirilmiş illik iclası çərçivəsində Palatanın Direktorlar Şurasının yeni üzvləri seçilib.

“AmCham”ın prezidenti İlqar Vəliyev namizədləri Palatanın Direktorlar Şurasına təqdim edib. Daha sonra namizədlər öz platformaları ilə iclas iştirakçıları qarşısında çıxış ediblər. İclas iştirakçılarına, həmçinin “AmCham”ın iki yeni əməkdaşı təqdim olunub – təzəlikcə təyin olunmuş İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova və Palatanın üzvləri ilə iş üzrə nümayəndəsi Aygün Babazadə. Bundan başqa, İlqar Vəliyev “Ağ Sənəd”in (Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr) hazırlanmasında yeniliklər haqda məlumat verib və iki vacib tədbirə hazırlıq barədə danışıb. Bildirilib ki, tədbirlərdən biri Dövlət Gömrük Komitəsi ilə birgə təşkil olunacaq “Gömrük Sisteminin İnkişafı və Gələcək Perspektivləri” konfransı və “Kənd təsərrüfatı sektorunun inkişafına” həsr olunmuş dəyirmi masa olacaq.

Daha sonra səsvermə nəticəsində “AmCham”ın Direktorlar Şurasının beş yeni üzvü seçilib: “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı icraçı partnyoru Nuran Kərimov, “PwC” şirkətinin Azərbaycandakı icraçı partnyoru Mövlan Paşayev, ADA Universitetinin Xarici, hökumət və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və “P&G” şirkətinin baş meneceri Tayqun Günay. Direktorlar Şurasının mövcud üzvləri siyahısında “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, KPMG-nin Azərbaycandakı icraçı partnyoru Vüqar Əliyev, “Pasha Bank”ın baş direktoru Taleh Kazımov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Makneli və “EY” şirkətinin Azərbaycandakı icraçı partnyoru İlqar Vəliyev yenidən yer alıblar.

“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər