Teleqraf.com AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aidə İsmayılovanın “Milli Azərbaycan Tarixi Muzeyində qorunan Səlcuq dövrü fayans qablar” adlı məqaləsini təqdim edir:
Fayans keramikanın xüsusi bir növü olub, bir sıra maraqlı xüsusiyyətlərə malikdir. “Fayans” sözü İtaliyanın keramika mərkəzlərindən biri olan Faensa şəhərinin adından götürülüb. Bu keramika növünə aid məmulatlar qədim Misirdə hazırlanıb. Daha sonra Çin, Koreya, Yaponiyaya yayılıb. Müsəlman Şərqində fayans qabların hazırlanması X əsrdən intişar tapıb.
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) kolleksiyasında Səlcuq dövrünə aid arxeoloji materiallar xüsusi yer tutur. Bu arxeoloji nümunələr içərisində MATM-ın Arxeologiya fondunda qorunan və ekspozisiyada nümayiş olunan orta əsr Beyləqan və Gəncə şəhər yerlərindən aşkar olunmuş fayans qablar bədii işlənməsi ilə diqqəti daha çox cəlb edir.
Həmin qabların ayrı-ayrı nüsxələri haqqında B.A.Şelkovnikov, V.N.Leviatov, İ.M.Cəfərzadə, F.Ə.İbrahimov, Q.M.Əhmədov öz tədqiqat əsərlərində məlumat veriblər. Lakin MATM-ın fayans qabları kompleks şəkildə öyrənilməyib. Ümumi götürdükdə Azərbaycanda bu qablar az tədqiq olunub və onların hərtərəfli araşdırılması böyük elmi aktuallıq kəsb edir.
Bu məqalədə əsas məqsəd bu qabların bəzi nüsxələrinin təsviri, onların səciyyəvi xüsusiyyətləri, qonşu ölkələrin həmdövr qabları ilə oxşar və fərqli cəhətlərinin aydınlaşdırılması və Azərbaycanın XI-XII əsrlər maddi mədəniyyətinin və ticari-mədəni əlaqələrin öyrənilməsində əhəmiyyətini göstərməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, MATM-da qorunan fayans qabların böyük əksəriyyəti ayrı-ayrı fraqmentlər halındadır, nisbətən yaxşı saxlanılmış nüsxələr isə bərpa olunub. Biz daha çox yaxşı saxlanılmış və bərpa olunmuş fayans qab nümunələrindən bəhs edəcəyik.
Keramikanın xüsusi bir növü olan fayansın istehsalı üçün əsas xammal ağ gildir. Kaolinit mineralından ibarət olan ağ gil kaolin adlanır və yüksək keyfiyyətli farfor və fayans məmulatlarının hazırlanmasında əsas maddədir. Maraqlıdır ki, X əsr ərəb müəllifi İbn Havqəl Arranda əhəng daşından (ağ gil) və qiymətli metallardan nəfis qabların hazırlandığını yazır.
Qeyd edək ki, Azərbaycanda kaolinit yataqları var. Bu onu deməyə əsas verir ki, fayans qabların hamısı gətirilmə deyil, onların az bir hissəsi ticarət əlaqələri vasitəsi ilə gətirilib.
Fayansın əsas tərkibi 60-65 % kaolin və gil, 30-35 % kvars, 3-5 % çöl şpatından ibarət olur. Şirüstü naxışlanmış fayans qabların fərqləndirici əlaməti və şirli qablarda olduğu kimi dulus kürəsində iki yox, üç dəfə bişirilməsidir. Fayans qablar hazırlanarkən ilkin bişirilmə 1250-1280 dərəcədə aparılır. İkinci mərhələdə şir çəkildikdən sonra yenidən 1050-1150 dərəcədə bişirilir. Nəhayət, müxtəlif üsullarla qabın üzərindəki təsvirin möhkəmləndirilməsindən sonra üçüncü dəfə 700-900 dərəcədə bişirilmə prosesi aparılır.
Bakı şəhərindən tapılmış fayans qab nümunəsi üzərində spektral-rentgen və spektral analiz üsulları ilə aparılmış kimyəvi təhlil zamanı yuxarıda qeyd olunan tərkibdən əlavə digər komponentlər də üzə çıxarılıb. Bu maddələrə dəmir, kalsium, kalium, maqnezium, marqans, natrium oksidi, titan dioksidi və fosfor pentaoksdidir.
Yuxarıda qeyd etdiyimiz analiz nəticələri Bakı şəhərindən tapılmış fayans qabların tərkibini göstərir, lakin mümkündür ki, Gəncə və Beyləqan şəhər yerlərindən aşkar olunmuş qabların tərkibi fərqli olsun və ya buna bənzər olsun. Çünki hər bölgənin gilinin tərkibi eyni deyildir.
Azərbaycanda fayans qabların hazırlanması üçün dulus kürələri arxeoloji qazıntılar zamanı aşkar olunmadığı üçün bu qabların gətirilmə olduğu ehtimalı bir çox tədqiqatçılar tərəfindən dəstəklənir. Lakin azərbaycanlı ustalar dulus kürələrində hərarəti tənzimləyərək orada fayans qabları da hazırlaya bilərdilər. Bunun üçün xüsusi dulus kürəsinin olması zəruri olmaya da bilərdi.Arxeoloji qazıntılar nəticəsində həm Beyləqan, həm də Gəncə şəhər yerindən saxsı qablar hazırlamaq üçün dulus kürələri aşkar olunub.
MATM-da qorunan fayans qablar əsasən boşqab, vaza, kasa tipli qablardan ibarətdir. Haqqında danışacağımız qablar 1953-1954 və 1959-1961-ci illərdə Beyləqan və 1938-1940-ci illərdə Gəncə şəhər yerlərində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub.
MATM-ın Arxeologiya fondunda qorunan fayans qabları bədii işlənməsinə görə iki qrupa ayırmaq olar: sadə və zər naxışlı fayans qablar. Sadə fayans qablar əsasən fraqmentlər halındadır, firuzəyi, mavi- göy rəngdədirlər. Bu qabların üzərində təsvir yoxdur, onu da qeyd etmək lazımdır ki, sadə fayans qablar arxeoloji qazıntılar zamanı çox aşkar olunub.
Belə sadə qabların ticarət əlaqələri vasitəsilə gətirilməsi inandırıcı deyil. Belə ki, bu tip qablar formasına görə şirli qablarla oxşardır. Bu qabları yerli ustalar da hazırlaya bilərdilər. Həmin qabların sadə və miqdarının çox olması onların əhalinin geniş kütləsi üçün nəzərdə tutulduğunu söyləməyə imkan verir. Zərnaxışlı fayans qabların miqdarının az olması və onların forması,naxışlanma texnikasının yerli fayans və şirli qablardan fərqli olması onların gətirilmə olması ehtimalını irəli sürməyə əsas verir. Bu qablar əhalinin varlı təbəqəsi üçün nəzərdə tutulması ehtimalı daha inandırıcıdır.
Qeyd etmək lazımdır ki, V. N. Leviatov və B. İbrahimli zərnaxışlı qabların yerli istehsal olması fikrini irəli sürmüşlər. Bunu qəti şəkildə təkzib və ya təsdiq etmək etmək üçün kifayət qədər dəlil yoxdur.
Azərbaycanın ticarət yollarının üzərində yerləşməsi onun bir çox ölkələrlə mədəni-ticari əlaqələr qurmasına imkan verib. Azərbaycanın İranla əlaqələrini arxeoloji qazıntılar zamanı üzə çıxarılmış maddi mədəniyyət nümunələri də əyani şəkildə göstərir. Arxeoloji qazıntıların nəticələrinə əsasən bəlli olur ki, XII - XIII əsrin əvvəlində Azərbaycanla Böyük Səlcuq dövlətinin tərkibinə daxil olan dövrün əsas dulusçuluq mərkəzləri - Rey, Kaşan və Sultanabad şəhərləri arasında geniş ticarət əlaqələri mövcud olmuş və bu vasitə ilə orada istehsal olunmuş fayans qablar Azərbaycana da gətirilib.
Böyük Səlcuq dövlətinin hökmranlığı dövründə saxsı məmulatınmın hazırlanmasında bir sıra yeniliklər baş verir. Belə ki, Çindən ixrac edilən Sun imperiyası ( 960-1279) keramika nümunəlırinin təsiri ilə yeni ağ rəngli məmulatla tanış olunur. Bu ağ gil üzərində yeni bəzəmə, qazıma və şirlənmə üsulları tətbiq olunmqla şiraltı, şirüstü və şirüstü çoxrəngli texniki üsullar təkmilləşdirilir. Bunun nəticəsi olaraq Böyük Səlcuq dövlətinin Rey, Kaşan, Nişapur, Sultanabad, Rakka kimi şəhərləri ən önəmli dulusçuluq mərkəzlərinə çevrilir və bu şəhərlərdə firuzəyi, mavi və ağ rəngli çox nəfis qablar hazırlanmağa başlanır.
Bəhs edəcəyimiz fayans qabları yuxarıda sadə və zərnaxışlı olmaqla iki qrupa ayırmışıq. Onları həmçinin yarımqruplara da bölmək mümkündür. Belə ki, sadə qabları mavi, firuzəyi və ağ rənglərinə görə yarımqruplara ayrılır. Onu da qeyd etmək lazımdır ki, sadə qablar daha çox fraqmentlər şəklində bizə gəlib çatıb.
Böyük Səlcuq dövlətinin yuxarıda adlarını qeyd etdiyimiz şəhərlərində hazırlanmış fayans qablarla MATM-da olan qabları müqayisə etdikdə istər hazırlanma texnologiyası, istər rəngi, istərsə də üzərlərindəki təsvir və dekoruna görə bir-birinə çox bənzəyir.
Gəncə və Beyləqan şəhərlərindən tapılmış zərnaxışlı fayans qabların Böyük Səlcuq dövlətinin adlarını qeyd etdiyimiz şəhərlərində hazırlanmış qablarla bənzərliyini B.V.Veymarnın tədqiqat əsərində də izləmək mümkündür. O, öz tədqiqat əsərində Rey və Kaşan şəhərlərindən istehsal olunmuş bir neçə fayans qabın təsvirini və rəsmlərini verib. Onun kitabında göstərdiyi zərnaxışlı qablarla Gəncə və Beyləqan şəhərlərində aşkar olunmuş qabların stilistik baxımından oxşarlığı diqqəti cəlb edir. Müəllif həmçinin qeyd edir ki, Rey və Suz şəhərlərində fayans qablar IX əsrdə, Kaşanda XI əsrdə,sonrakı dövrdə isə Sultanabad, Veramin və Save şəhərlərində istehsal olunmağa başlayıb.
Yuxarıda qeyd etdiyimiz müəllifdən başqa Rey, Kaşan və Sultanabadda istehsal olunmuş zərnaxışlı fayans qablar haqqında A. Poup, İ. Rapoport, S. Masleniçina və daha geniş şəkildə T. Starodub öz əsərlərində məlumat vermişlər. Qeyd edək ki, stilistik baxımından zərnaxışlı fayans qabların ilk bölgüsü A. Poup tərəfindən aparılıb. T. Starodub isə A. Poupun bölgüsü əsasında daha geniş şəkildə öz tədqiqat əsərində bəhs edib. O, zərnaxışlı fayans qabların tipoloji bölgüsünü daha da genişləndirib və Böyük Səlcuq dövlətinin başlıca dulusçuluq mərkəzlərində istehsalı olunmuş qabların üslub və tipoloji bölgü olaraq aşağıdakı şəkildə verib:
1) Monumental tip: qablar hazırlanarkən əsasən Sasani dövrü ənənələrinin davam etdirilməsi izlənilir, təsvirlərdə əsas aydın, dəqiq və geniş miqyasda verilmiş obraz əsas yer tutur və “islimi”naxışından istifadə olunmur. ( tablo I )
2) Miniatür tip: kitab incəsənətinin təsiri ilə inkişaf edib. Tipin əsas xüsusiyyəti ornamental strukturdur və burada insan və ya heyvan təsviri ornamentin bir elementi kimi əks etdirilir. ( tablo II )
İki tip arasında keçid dövrü isə XII əsrin II yarısını əhatə edir. Bu dövrə aid qablarda monumental stildən uzaqlaşma özünü göstərir, təsvirlərdə bir tərəfdən kobudlaşma, dağınıqlıq, digər tərəfdən ornamentalizmə, zərifliyə meyl nəzərə çarpır. Qeyd etmək lazımdır ki, bu qablarla miniatür tipə aid qabları fərqləndirmək elə də asan deyil.
3) Kaşan tipi: T. Starodub bu tipin dörd mərhələdə inkişaf etdiyini qeyd edib. Bizim tədqiq etdiyimiz dövrə I mərhələ uyğun gəlib, əsas xüsusiyyətləri süjeti bəzəyən əl-alvanlıq və təkrarlanan naxış axınıdır. (tablo III )
4) Sultanabad tipi: konkret stilistik xüsusiyyətlərə malik deyil. Sultanabad şəhərində hazırlanmış qablar Reydə isehsal olunanlar ilə demək olar ki, eyni olub, keyfiyyət baxımından isə aşağı səviyyədədir.
Yuxarıda qeyd olunan tipoloji bölgülərə əsaslanaraq demək olar ki, MATM-da qorunan Səlcuq dövrü qablar üslub baxımdan daha çox monumental, miniatür və Kaşan tipinə aiddir.
MATM-ın Arxeologiya fondunda qorunan və ekspozisiyada nümayiş olunan fayans qabları stilistik baxımından A. Poupun tipoloji bölgüsünə uyğun təhlil etdikdə oxşarlıq açıq-aşkar özünü göstərir. Nümunə üçün tablo III, şəkil 7-də qabın üzərində olan heyvan təsvirləri A. Poupun Kaşan qabları üçün səciyyəvi olaraq göstərdiyi heyvan təsvirinin ( tülkü) eynisidir. Daha bir bənzərlik yenə müəllifin Rey qabları üçün səciyyəvi olaraq göstərdiyi sərv ağacı təsvirlərinə tablo II-də olan hər üç qabın üzərində rast gəlmək mümkündür. Zərnaxışlı fayans qablar üzərindəki atlı təsvirlərinə diqqət etdikdə atların quyruqlarının düyünlənərək bağlandığı görünür. Atların quyruğunun belə bağlanması qədim türk adəti olduğu mənbələrdə qeyd olunur.
1071-ci ildə bizanslılarla Malazgirt yaxınlığında baş vermiş döyüşdən əvvəl səlcuq sultanı Alp Arslan düşmən ordusunun nisbətdə bir neçə dəfə artıq olmasını öyrənərək, ola bilsin həyatında sonuncu döyüşü güman edib, bu döyüşə hazırlıq apardı. Orta əsr müəllifi İbn Əl-Əsir bu barədə belə göstərir: "O yay və oxları atdı və qılıncla toppuzu götürdü, öz əli ilə atın quyruğunu bağladı və bunu bütün qoşun da etdi".
Döyüşdə atın quyruğunun düyünlənərək bağlanmasının qədim türk adəti olmasını S. Məmmədov da öz məqalsində təsdiqləyir. Həlledici döyüşdən əvvəl əsgərlər atlarının quyruqlarını bağlayırdılar. Döyüşdən əvvəl atın quyruğunun düyünlənməsi döyüşçünün döyüşə başlayarkən qələbə uğrunda ölümə hazır olması rəmzinə işarə edirdi. Əgər əsgər döyüşdə həlak olurdusa, onun atının quyruğu yas əlaməti kimi kəsilirdi. Zərnaxışlı fayans qablar üzərində diqqəti cəlb edən təsvirlər içərisində Rey şəhərində istehsal olunan nüsxələrin üzərində olan sərv ağacıdır. Türklərdə qədimdən ağac kultunun olması türk dastanlarından məlumdur. Belə ki, “Yaradılış” dastanında “həyat ağacı” obrazına rast gəlirik, bu da qədim türklərin astroloji və dini görüşlərinin toplusu olan şamanizmin əsasını təşkil edir.
Sərv ağacının da müqəddəs hesab olunması haqqında fikirlər mövcuddur. Deyilənləri fikirləri ümumiləşdirərək onu demək olar ki, qabların üzərində təsvir olunan elementlər türklərlə bağlı olub, onların qədim dövrdə olan inaclarının, ənələrinin yeni formada əks olunmasıdır.
Məqalədə MATM-da qorunan zərnaxışlı fayans qablar haqqında indiyə qədər söylənilmiş fikirlər ümumiləşdirilmiş, T. Starodubun bölgüsünə uyğun olaraq onların tipoloj bölgüsü aparılıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq nəticə olaraq onu qeyd etmək olar ki, bəhs olunan dövrdə fayans qabların bütün nümunələri gətirilmə olmayıb, böyük bir qismi yerli istehsala aid olub. Zərfayans naxışlı qabların İranın adları qeyd olunan şəhərlərindən mədəni-ticari əlaqələr vasitəsi ilə gətirilməsi ehtimalı yüksəkdir. Lakin V. Leviatovun Gəncədə tapılmış olunan bu tip qabların yerli istehsal olması fikrini nə qəti şəkildə inkar etmək, nə də qəbul etmək olmur. Gəncədən üzə çıxarılmış zərnaxışlı fayanas qablar Rey və Kaşan şəhərlərində istehsal olunmuş qablardan öz sadəliyi ilə seçilir.
Onu da qeyd etmək yerinə düşər ki, Gəncə şəhərindən tapılmış qablarla Beyləqan şəhərindən aşkar olunanlar istər üslub, istərsə də forma baxımından fərqlənir. Gəncə şəhərindən aşkar olunmuş zərnaxışlı qabların sadə olması, həmçinin qabların hazırlanması üçün lazım olan xammalın yaxın ərazilərdə- Şəmkir, Göygöl, Kəpəz, Daşkəsən yerləşməsi burada hazırlanmış qabların yerli istehsala aid olması fikrini irəli sürməyə əsas verir. Belə güman etmək olar ki, Gəncə ustaları bu qablarla tanış olmuş və özləri oxşar tərzdə hazırlamağa başlamışlar. Lakin Gəncədən tapılmış zərnaxışlı fayans qabların yerli istehsal olmasını əminliklə yalnız kimyəvi tərkib təhlili aparıldıqdan sonra söyləmək mümükündür. Zərnaxışlı qablar süfrə qabları olub, bəhs olunan dövrdə Azərbaycanda əhalinin məişətində geniş şəkildə istifadə edilib.
Bu qabların tədqiq olunması Azərbaycanın Səlcuq dövrü maddi mədəniyyətinin və Böyük Səlcuq dövlətinin əsas dulusçuluq mərkəzləri ilə mədəni-ticari əlaqələrin öyrənilməsində baxımından olduqca önəmlidir. Məlumdur ki, Səlcuq dövrü mədəniyyətin, elmin, sənətkarlığın, memarlığın və ticarətin inkişafı dövrü olub. Rey və Kaşan şəhərləri isə o dönəmin Səlcuq dövlətinin əsas fayans istehsalı mərkəzləri olmuşlar. XII əsr Səlcuq keramikasında formalaşmış üslub o dövrdə mövcud olmuş iqtisadi yüksəlişin nəticəsi olub, siyasi və ideoloj iamillərin təsiri ilə mədəniyyəti xarakterizə edən estetik obrazın dəyişməsinin və islama qədərki təsviri incəsənətin yenidən canlanması və yeni formada təqdim olunması sahəsində mümkün olub.
Maraqlı cəhət ondan ibarətdir ki, islamda canlı varlıqların təsvirinin məqbul sayılmamasına baxmayaraq, biz bu qabların üzərində istər insan, istərsə də heyvan rəsmlərinə rast gəlirik. Bunu Səlcuq dönəmində mədəniyyətin bütün sahələrində mövcud olan dünyəviliyin dulusçuluq sahəsinə təsiri ilə izah etmək olar.