“Azərbaycan Hava Yolları”nın (AZAL) aşağı büdcəli brendi olan AZALJET martın 28-dən etibarən uçuşlara başlayıb.
AZALJET brendi adı altında daha çox tələb olunan istiqamətlər üzrə və uçuş müddəti 3,5 saata qədər olan reyslər yerinə yetiriləcək. Bu istiqamətlərə Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.
AZALJET-in reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mümkündür.
AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan-Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir. AZAL-ın mətbuat xidmətindən belə bildirilir.
Nəzərə alsaq ki, bu qiymətə yemək və baqaj xərci daxil deyil, o zaman sərnişinlərin ucuz qiymətə uçmaq arzusunun gözündə qaldığını demək olar.
Elə AZAL da bildirir ki, yalnız 8 kiloqramadək əl yükü daşınmasına icazə verilir. Digər hər 23 kiloqramlıq baqaj yükünə görə müştərilər əlavə 20 avro ödəməlidir. Amma bu o zaman mümkündür ki, baqaj üçün ödəniş əvvəlcədən verilsin.
Hava limanında baqaja görə ödəniş 5 avro daha artıq olur – 28 avro. Təyyarə göyərtəsində yemək də nəzərdə tutulmadığı üçün sərnişin kassadan bilet aldığı zaman əvvəlcədən yemək sifariş edə bilər, amma yeməyin sərnişinə çatıb-çatmayacağı da sual altındadır.
Bu və ya digər səbəblərdən AZALJET-in qiymətləri adi qaydada satılan biletlərin qiymətindən heç nə ilə fərqlənmir. Bunu bir çox sərnişinlər də təsdiqləyir. Çünki son günlər sosial şəbəkələrdə bununla bağlı xeyli narazılıqlar var.
Hüquqşünas Sahib Məmmədov Teleqraf.com-a bildirib ki, AZALJET köhnə qiymətlərdən fərqlənmir, əksinə baha başa gəlir.
İqtisadçı Natiq Cəfərlidən qənaətli aviabiletin necə olması və AZALJET-in bu kateqoriyaya aid olub-olmamasına aydınlıq gətirməyini istədik.
İqtisadçının sözlərinə görə, qiymətləri elə müəyyən ediblər ki, hətta digər biletləri də AZALJET brendi altında satsalar belə, heç bir fərq hiss olunmayacaq: “AZALJET xidməti ucuz uçuş anlayışına tamamilə ziddir. Özüm də bunun şahidi oldum. Əgər bilet xərci və əl baqajından başqa yük olarsa, əlavə 50 avro xərc çəkməlidir, üstəlik yemək xərci səfərin qiymətini qiymətli edir. Nəticədə əvvəl adi qaydada aldığımız bilet indi ucuz xidmət adı altında yenidən baha qiymətə satılır”.
Natiq Cəfərli deyir ki, bu sahədə digər bir problem təyyarədə yerlərin çoxunun boş olması ilə bağlıdır: “Sonuncu səfərimdə də bunun şahidi oldum. Təyyarədə yerlərin cəmi 30-35 faizi tutlumuşdu, yerdə qalanları boş idi.
Xarici aviaşirkətlər hətta bu problemi də aradan qaldırıblar. Belə ki, uçuşa 9 saat qalmış aviaşirkətlər elan verərək biletlərin aşağı qiymətə satışına başlayır. Əksər sərnişinlərin məhz bu məqamı gözləməsi barədə də məlumatlar var.
Yerlərin çoxunun boş qalması şirkətə böyük ziyana başa gəldiyi üçün bu cür qiymət tənzimləmələri etməsi bütün şirkətlərin iş prosesinə tanışdır. AZAL ən azından bu üsuldan tətbiq etməklə böyük ziyana başa gələn kəsiri aradan qaldıra bilər”.
İqtisadçı AZAL-ın qiymət siyasətini müəyyən etmək üçün peşəkar komandaya ehtiyac olduğunu deyir: “Bu o qədər də mürəkkəb sistem deyil, sadəcə müqayisəli şəkildə bir konsepsiyaya ehtiyac var. Təcrübə mübadiləsi üçün xaricdən ekspertlər də dəvət edib, qiymət probleminə son qoymaq olar. Yoxsa bu mövzu uzandıqca uzanacaq”.
Naibə QURBANOVA