“2010-cu ildən bu yana evdə istirahət üzünə həsrət qalmışıq. Son 5 ildə binanı üçüncü dəfə təmir edirlər.
Birinci dəfə eyvanları düzəltdilər, hamının eyvanına qırmızı rəngli üzlüklər vurdular ki, eyni olsun. Üstündən iki il keçəndən sonra yenidən təmirə başladılar. Bu dəfə bütün binaları üzlədilər. İki ilə qədər çəkdi. Təkcə 2014-cü ili səs-küysüz, rahat yaşamışıq.
Ötən il qonşuluqdakı 16 mərtəbəli bina yanan günü gecəylə sakinlər üzlükləri sökdülər. Sonra təmirə başladılar, karkas quraşdırıb getdilər. O vaxtdan işlər yarımçıq qalıb. O karkasa görə eyvana çıxa bilmirik, pəncərəni aça bilmirik.
Kondisionerlərimizi söküb qoyublar qırağa. İki yaydır kondisionersiz qalmışıq. Nə təmiri bitirmirlər, nə də bu dəmirləri sökmürlər ki, biz də evimizdə rahat olaq”.
Bunu Binəqədi rayonu, Azadlıq prospekti-176 ünvanda yaşayan Svetlana Ağayeva deyir.
Onu narahat edən yaşadığı binada təmir işlərinin bir ildir yarımçıq qalmasıdır: “Təmiri yarımçıq qalan təkcə bizim yaşadığmız bina deyil, doqquzmərtəbələri tezbazar təmir elədilər,16 mərtəbəlilər yarımçıq qaldı. Təkcə yanan bina tam təmir olundu”.
Sakin Svetlana Ağayevanın da dediyi kimi, bu ərazidəki binalarda aparılan üçüncü fasad üzləmə prosesidir. Ötən ilin mayında Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada 4-ü azyaşlı olmaqla, 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra sakinlər penoplast materialı ilə üzlənmiş bütün binların fasadını sökdülər. Bundan sonra ərazidə üçüncü dəfə təmir işlərinə start verilsə də, proses yarımçıq saxlandı.
Buna səbəb maliyyə çatışmazlığı, icra hakimiyyəti orqanlarına vəsait ayrılmadığı göstərilir.
“İki qonşunun mənzilindən oğurluq oldu”
14 saylı binanın sakini Orxan Məmmədov da təmirin yarımçıq dayandırılmasından narazıdır.
Həmsöhbətimiz bu binalarının ümumiyyətlə təmirə ehtiyacı olmadığını deyir: “Hamısı 70-ci illərdə tikilən binlardı, müddəti çoxdan keçib bunların. Söküb yerində təzəsini tikməkdən, hər il təmir edirlər. Təmirin də adı təmirdi. Üzünü gizlədib gedirlər.
Ondansa kanalizasiya sisteminə baxalar, lifti düzəldələr, binanın içinə əl gəzdirələr. İndi də işi yerli-dibli yarımçıq qoyub gediblər. Mayda təmirə başlamağın bir ili tamam olacaq”.
Orxan Məmmədov deyir ki, işlər tam yekunlaşmadığı üçün təzə vurulan üzlüklərin çoxu qopub havadan asılı qalıb: “Külək əsəndə üzlükləri çırpır divara, səs-küydən evdə otura bilmirik. Nə gəlib sökürlər, nə də tikirlər. Yay da gəlib çatıb, nə edəcəyik bilmirik.
Keçən yayı evdən bayıra çıxa bilmədik. Nə qədər eyvanda oturub mənizlə qarovul çəkmək olar? Neçə dəfə görmüşəm ki, tanımadığımız adamlar karkaslarla yuxarı mərtəbələrə qədər çıxırlar. Ötən yay iki qonşunun mənzilindən oğurluq oldu. İkisinin də mənzilinə eyvandan keçmişdilər. Qapını qıfıllayaq, bəs eyvanı nə edək?”
Şikayətçi deyir ki, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Qurumdan ilin birinci yarısınadək işlərin yekunlaşacağını desələr də, hələ başlamayıblar.
Odur ki, sakinlər quraşdırılan metal konstruksiyaların tama sökülməsini istəyir, binaların təmirə ehtiyacının olmadığını deyirlər.
“Təmir vacibdir”
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə sözügedən binaların qırx ildən çoxdur tikildiyini deyərək təmiri vacib sayır: “Orada texniki baxış keçirməmişik, amma standartlara istinadən demək olar ki, həmin beton konstruksiyalı evlər birinci kapitallı evlərə aiddir və 150 il istismar müddəti var.
Amma bu o halda olur ki, həmin binalar mütəmadi əsaslı təmir olunur, texniki baxışdan keçilir. Cari və əsaslı təmir olunmadığı halda bu binaların ömrü üç dəfəyə qədər azalır, 50-60 il istismara yararlı olur. Azadlıq prospekti boyunca 9 və 16 mərtəbəli beton konstruksiyalı evlər 70-80-ci illərdə tikildiyinə baxmayaraq, indiyədək əsaslı təmir olunmayıb. Onların hər birinin təmirə ehtiyac var. Nəinki fasadının, daxilində də əsaslı təmir işləri aparılmalıdır”.
Ekspert bildirir ki, həmin binaların dam örtüyü və taxta konstruksiyaları 25, suvaq hissəsi 40 ilə hesablanlıb: “Binanın tikilmə müddətinə baxıb hesablayanda bu müddətin çoxdan keçdiyini demək olar. Bu səbəbdən də bu binalar əsaslı təmir olunmalııdr və bunu təkcə fasadı etməklə olmaz. Çünki binanın yaşayış üçün əlverişli olan hissəsi fasad yox, dam örtüyü, zirzəmisi, daxili xətləri, qurğularıdır”.
Mövzu ilə bağlı ərazinin aid olduğu Binəqədi Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlasaq da, suallarımıza cavab verən tapılmadı.
Naibə QURBANOVA