27 May 2016 10:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən mayın 25-də Los Ancelesin tanınmış Riviera Mərkəzində 28 May - Respublika Günü təntənəli şəkildə qeyd edilib.

Konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, ziyafətdə Los Anceles şəhər və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin rəsmiləri, seçkili orqanların üzvləri, müxtəlif dövlətlərin Los Ancelesdəki baş konsulları, yerli universitetlərin və beyin mərkəzlərinin alimləri, nüfuzlu din xadimləri, KİV təmsilçiləri, eləcə də Azərbaycan, türk, yəhudi, Koreya və İran icmalarının fəalları iştirak ediblər.

Tədbir tanınmış opera müğənnisi, Qremmi mükafatına namizəd Demetra Mustafaoğlu tərəfindən Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. O, Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 98 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın tərəqqisindən danışan baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini və çağdaşlaşdığını, regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Kaliforniyanın xristian icmasının tanınmış din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez bir müddət əvvəl Azərbaycana səfər etdiyini, ölkəmizdən olduqca xoş təəssüratlarla döndüyünü, burada gördüyü güclü multikulturalizm və dinlərarası harmoniya ənənələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Yepiskop Mendez bu ənənələrin dövlət siyasətinə çevrilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə qeyd etmiş, Azərbaycanın tolerantlıq modelinin bu gün nəinki region, həmçinin bütün dünya üçün yüksək önəm daşıdığını bildirib.

Daha sonra Los Anceles vilayətinin nümayəndəsi Lurdes Saab, Torrens Şəhər Şurasının üzvü Haydi Enn Eşkrəft, Orinc Vilayətinin nümayəndəsi Ceyms Koyl və Los Anceles şəhər merinin nümayəndəsi Daniel Təmm çıxış edərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik etmiş, ölkəmizlə bağlı öz xoş təəssüratlarını bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan milli geyimlərini geyinmiş amerikalı gənclərin ziyafətdə iştirakı qonaqlarda böyük maraq oyadıb. Rəngarəng musiqi proqramı ilə çıxış edən Azərbaycanın istedadlı və gənc müğənnisi Çingiz Mustafayevin ifası isə gurultulu alqışlarla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər