Təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinən Tovuz rayon sakinləri – İsmayıl İsmayılov, Bayram Tağıyev və Ələddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İsmayıl İsmayılov 15 mart 2013-cü il tarixdən 09 aprel 2015-ci il tarixədək Tovuz Qaz İstismar Sahəsinin qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətində növbə rəisi vəzifəsində işləyib. Onun üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olub. Amma İsmayıl İsmayılov yanğın təhlükəsizliyini təmin etməyib.
15 dekabr 2014-cü il tarixdə, saat 19.00-da Tovuz rayonun Abulbəyli kəndinin Y.Sadıqov küçəsində qaz iyi gəlməsi barədə Tovuz Qaz İstismarı Sahəsinin qəza-dispetçer xidmətinə daxil olub. Məlumat əsasında İsmayıl İsmayılov bərpaçı-çilingər Ələddin Məmmədov ilə birlikdə saat 19.30 radələrində qeyd olunan ünvana gəlib.
Orada kəskin qaz iyi hiss edilməsinə baxmayaraq, İsmayıl İsmayılov Tovuz Qaz İstismarı Sahəsinin balansında və istismarında olan, Y.Sadıqov küçəsindən keçən 57 mm diametrli yeganə qaz kəmərinin qaydalara uyğun yoxlanılmasını təşkil etməyib və onun yerin altına düşən hissəsini cihazla yoxlamayıb, kəmərdən hər iki tərəfə 15 metr məsafədə yerləşən evlərin zirzəmisində, kanalizasiya və başqa kommunikasiya quyularında qaz olub-olmamasını müəyyənləşdirməyib.
İsmayıl İsmayılov və Ələddin Məmmədov qaz sızma yerini aşkar etmədən və nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görmədən ərazini tərk ediblər.
Qaz kəmərinin yerin altına düşən hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qaz torpağın altı ilə Qəribə Həsənovaya məxsus evin otaqlarına dolub. Həmin gün saat 21.15 radələrində əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı ev sakini Ceyran Əmiraslanovanın evə daxil olaraq işığı yandırdığı zaman yaranmış qığılcımın təsirindən alışaraq yanğınla müşayiət olunan partlayış baş verib.
Nəticədə Ceyran Əmiraslanova ümumi bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq 6 yanvar 2015-ci il tarixdə müalicə aldığı xəstəxanada ölüb.
Evin və içərisindəki əşyalar yanğın zamanı yararsız hala düşüb. Bu səbəbdən Qəribə Həsənovaya tikinti üzrə 25755 manat, əmtəə üzrə 7947 manat 50 qəpik, cəmi 33702 manat 50 qəpik maddi ziyan dəyib.
Həmçinin Tovuz Qaz İstismar Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinin növbə rəisi vəzifəsində işləyən Bayram Tağıyev də eyni iş üzrə məsuliyyət daşıyıb.
Onlar Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham ediliblər.
Tovuz rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin ediliblər.
Onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.
Hökmə əsasən cinayət işi üzrə mülki iddianın qismən təmin olunub və “Azəriqaz” İstehsalat Birliyindən 2800 manat alınaraq mülki iddiaçı Qəribə Həsənovaya verilməsi barədə qərar qəbul edilib. Həmçinin mülki iddianın qalan 5697 manat 50 qəpik hissədə rədd edilməsi müəyyən edilib.
Hökmündən narazı qalan mülki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verib. Mülki cavabdeh hökmün mülki iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş edib.
“Azəriqaz”ın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov