Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib.
Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı Fədai Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan Fədai Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə yaranıb.
Mübahisə zəminində o, Vəfadar Həsənovu kəsici, onun həyat yoldaşı Vəsiləni isə odlu silahla qətlə yetirib.
Daha sonra ifadə verən Fədail Hüseynov özünü qismən təqsirli bilib. O, bildirib ki, Vəfadar Hüseynovu öldürdüyünə görə özünü günahkar sayır: “Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur”.
Dövlət ittihamçısının suallarını cavablandıran Fədail Hüseynov bildirib ki, ittihamda qeyd olunan evdəki yanğını o törətməyib: “İkinci mərtəbənin pəncərəsindən keçdim, qabağıma da heç kim çıxmadı. Birbaşa yataq otağına keçərək Vəsiləni vurdum. Ümumiyyətlə, mən o evdə Vəsilədən başqa heç bir qadına əl qaldırmamışam. Vəsiləni vurub qayıdanda Vəfadar qarşıma çıxdı, üstümə gəldi, özümü itirdim, onu da vurdum”.
Fədail Hüseynov bildirib ki, Vəsilə Həsənova ilə mübahisəsi yalnız torpaq üstündə olub.
Mərhum Vəfadar Həsənovun atası Əbilhəsənov Sultan ifadə verərək hadisə zamanı evdə yatdığını deyib: “Nəvələrim gəlib oyatdılar. Çölə çıxanda Vəsiləni gördüm, başını kəsmişdi. Əlimə bıçaq götürüb çıxdım.
Gördüm qızım qonşuları çağırır. Bu işin arxasında başqaları dayanıb. Mən o uşağı soğan-çörəklə böyütmüşdüm. Desin, görüm mənim balamı niyə öldürdü?”.
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.
Hacı Zeynalov