Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın barəsində qanunsuz sahibkarlıq ittihamına xitam verilməsi ilə bağlı verdiyi şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl çıxış edib. O, bildirib ki, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə ona verilmiş ittihama xitam verilməlidir.
Xədicə İsmayıl Xarici İşlər Nazirliyində akkreditasiyadan keçə bilmədiyi üçün həmin ittihamın üzərindən götürülməsini xahiş edib. Dövlət ittihamçısı çıxışında məhkəmədən vaxt istəyib. Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 25-də Ali Məhkəmə Xədicə İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.
Hacı Zeynalov