Bakı Apelyasiya Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib. Prosesdə apelyasiya şikayətinin məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb.
Həmin qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri kasasiya şikayəti veriblər. Onlar şikayətlərində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyiblər.
Müdafiəçilərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Bu səbəbdən apelyasiya instansiyasında iş qeyri müəyyən vaxtadək təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Baxışov 14 il, Ruslan Cəfərov 14 il, Eldost Quliyev 13 il, Məməmmədşah Məmmədəliyev 13 il, Əhməd Həsənov 14 il, Maarif Mərdanov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, təqsirləndirilən şəxslər BMT-nin terror təşkilatı elan etdiyi İraq Şam İslam Şam Dövlətinin (İŞİD) qanunsuz silahlı birləşmələrində iştirak etmək üçün Suriya Ərəb Respublikasına gediblər. Onlar Gürcüstan ərazisindən Türkiyənin Hatay vilayətinə gəliblər.
Hatay vilayətindən də Suriyaya keçib qanunsuz hərbi birləşmələrə qoşulublar. Orada insanların sağlamlığının pozulması, kütləvi qırğınlarla nəticələnən partlayışlar hazırlayıblar. Lakin iradələrindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyiblər.
İttihamda təqsirləndirilən şəxslərin məcburən Suriya ərazisindən çıxarıldığı vurğulanır. Türkiyə ərazisindən Azərbaycana gəldikləri, müxtəlif vaxtlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbsə alındıqları göstərilir.
Hacı Zeynalov