4 Avqust 2016 11:08
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Astara rayon sakini İxtiyar Əhmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi İxtiyar Əhmədovun Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraatı dayandırıb. Qərar təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlıdır. İxtiyar Əhmədov barəsində olan cinayət işi o, sağalanadək dayandırılıb.

Bu qərardan prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluq protestində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini və İxtiyar Əhmədov barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorluğun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Dövlət ittihamçısı Elnar Hüseynov bildirib ki, İxtiyar Əhmədov külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsi cinayətində fəal iştirak edib: “İxtiyar Əhmədov cinayətkar qrupun üzvü kimi narkotik vasitələrin İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirlməsində iştirak edib. İbtidai istintaq zaman məlum olub ki, İxtiyar Əhmədov Şəhrizad adı ilə məlum olan şəxslə telefon əlaqəsi yaradaraq narkotik vasitələrin Azərbaycana keçirilməsini və sonradan Zülfüqar Süleymanova çatdırılmasını təmin edib. Göründüyü kimi İxtiyar Əhmədov xəstə olduğu halda cinayətin təşkil edilməsi, qrup üzvlərinin əlaqələndirilməsini təmin edib, cinayətin törədilməsində fəal iştirakçı olub”.

Elnar Hüseynov qeyd edib ki, İxtiyar Əhmədov barəsində cinayət işini dayandırıldığı təqdirdə onun yenə də eyni xarakterli cinayət törədəcəyi istisna olunmur: “İş materiallarından görünür ki, İxtiyar Əhmədov ibtidai istintaq zamanı sərbəst şəkildə hüquq və vəzifələri ilə tanış olub. O, 2 oktyabr 2014-cü il tarixli dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə verib, 2 oktyabr 2014-cü il tarixli axtarış və barəsində cinayət işi başlanmış şəxsə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin izah edilməsi haqqında protokollara sərbəst şəkildə tanış olaraq imza edib.

İş üzrə bir çox digər protokol və qərarlarla İxtiyar Əhmədov sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə tanış olaraq sənədlərə imza atıb. İbtidai istintaq orqanı tərəfindən İxtiyar Əhmədov barəsində onun iştirakı ilə bir sıra digər istintaq hərəkətləri aparılıb”.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasına təcili tibbi yardım əməkdaşlarının vasitəsi ilə gətirilib, məhkəmə hazırlıq iclasında iştirak edərək verilən suallara sərbəst şəkildə cavab verib, həmçinin öz hüquqlarını müdafiə etmək üçün əvvəlki vəkildən imtina edərək özünə yeni müdafiəçi təyin edib.

Elnar Hüseynov İxtiyar Əhmədovun ittiham olunduğu cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət təqibi üzrə icraatın dayandırılması barədə qərarının ləğvini və cinayət işi üzrə icraat təzələnərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin müdafiəçisi İdris Qasımov apelyasiya protestinin təmin edilməməsini istəyib: “İxtiyar Əhmədov uzun müddətdir ağır xəstədir, son dövrlər vəziyyəti daha da ağırlaşıb. İbtidai istintaq orqanı tərəfindən bütün istintaq hərəkətləri onun evində aparılıb və ağır cinayət törətməkdə təqsirli bilinməsinə baxmayaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib”.

Apelyasiya protestində göstərilən təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında iştirak etməsinə dair dəlillərini əsassız hesab edən müdafiəçi qeyd edib ki, İxtiyar Əhmədov məhkəmə iclas zalına xərəkdə gətirilib və məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxs uzanmış vəziyyətdə, həkimlərin ciddi nəzarəti altında keçirilib: “İxtiyar Əhmədovun vəziyyətin ağır olması ekspert rəyi ilə də təsdiqlənib və İxtiyar Əhmədovun növbəti məhkəmə baxışında iştirakını istisna edib”.

Apelyasiya protestinin dəlilərini araşdıran hakim heyəti sonda qərarı elan edib. Prokurorluğun protesti təmin olunmayıb.

Qeyd edək ki, İxtiyar Əhmədov Zülfüqar Süleymanov, Niyazəli Şahmuradov və Ziyafət Fərəcovla birlikdə həbs ediliblər. Onlardan 3 kiloqram 600 qram heroin, 21 kiloqram 800 qramdan artıq tiryək, 1 kiloqram 390 qram həşiş qatranı, 6 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Zülfüqar Süleymanov, Niyazəli Şahmuradov və Ziyafət Fərəcovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər