23 Avqust 2016 13:14
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə “Azərfon” MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilib.

Baxış zamanı digər maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində eyni məzmunlu cinayət işinin istintaqının aparılması ilə əlaqədar Fuad Əhmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilərək vahid icraatda birləşdirilib.

Davam etdirilən istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü - partiya sədrinin köməkçisi Faiq Əmirovun “Azadlıq” qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu “Hizmət imam”ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunub.

Bu baxımdan, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Faiq Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılıb.

Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim etmiş və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açıb.

Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faiq Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər