Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində təqsirli bilinən Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib. Bundan sonra Sahil və Şamil qardaşları kasasiya şikayəti veriblər.
Onlar bildiriblər ki, qətl hadisəsinin törədilməsində iştirak etməyiblər. Hər iki qardaş barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Zərərçəkmiş tərəf Şamilov qardaşlarının şikayətinə etiraz etməyiblər.
Ali Məhkəmədə işə baxan hakimlər Şamilov qardaşları ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şamilov qardaşlarının ittiham olunduqları Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 29, 120.2.7-ci maddələri həmin məcəllənin 307.1-ci (cinayət barədə xəbər verməmə) və 307.3-cü (xüsusilə ağır cinayəti gizlətmə) maddələrinə tövsif edilib.
Şamilov qardaşlarının indiyə kimi çəkdikləri cəza hesablanıb və onların cəzaları çəkilmiş hesab edilib. Hər iki qardaş məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov