Masallı rayon sakini Elnur Ağayev dələduzluqla üzləşib. Moskva Univermağında satıcı işləyərkən Masallı rayon sakini Zaur Məmmədov ondan 3700 dollar məbləğində qızıl-zinət əşyaları alıb və geri qaytarmayıb.
Elnur Ağayev Zaur Məmmədovdan pulunu geri ala bilmədiyi üçün müvafiq qurumlara müraciət ünvanlayıb. Amma Zaur Məmmədov Pentensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün müraciətləri nəticəsiz qalıb.
Elnur Ağayev üzləşdiyi problemin həll olunması üçün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. O, həmin müraciətin bir nüsxəsini də Teleqraf.com-a göndərib.
Şikayətçi müraciətində bildirir ki, 2009-cu ildə Moskva Univermağında satıcı işləyərkən1977-ci il təvəllüdlü həmyerlisi Zaur Məmmədov onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb: “2015-ci ildə iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etdim, məhkəmə iddiamı təmin elədi, Zaur Məmmədovun mənə 3700 dollar ödəməli olduğu barədə qətnamə çıxardı.
Mülki işlə bağlı 4 aprel 2016-ci il tarixdə məhkəmə qərarını könüllü icra etmədiyi üçün Zaur Məmmədov 10 sutka inzibati həbs edildi. Aprelin 14-də mən tələbkar kimi işi aparan Masallı rayon icra şöbəsinin icra məmuru ilə telefon əlaqəsi yaratdım. İşimin nə yerdə olduğunu soruşduqda icra məmuru mənə borclunun yenidən başqa bir cinayət əməlinə görə bir il həbs olunma xəbərini verdi”.
Elnur Ağayev müraciətində daha sonra qeyd edir ki, qərarın icrası üçün Masallı rayon icra şöbəsinə müraciət edib: “Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verdi. Cavabda bildirilir ki, borclu Zaur Məmmədov Salyan rayonun 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də icra sənədi “İcra haqqında” qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib”.
Şikayətçi əlavə edib ki, icra sənədinin icra olunması üçün 5 saylı cəzaçəkmə müəssisəsinə üz tutub: “Buradan da mənə bildirildi ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür”.
Elnur Ağayev sonda ədliyyə nazirinə belə müraciət edib: “Nə edəcəyimi bilmirəm, çıxılmaz durumda qaldığımdan sizə üz tuturam. Xahişim odur ki, 3700 dollar məbləğində vəsaitimin Zaur Məmmədovdan alınaraq mənə verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz”.
Hacı Zeynalov