Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev, mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə zərərçəkmiş "AqrarKredit" QSC-nin nümayəndəsi çıxış edib. O, təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat pulun tutulmasını istəyib.
Daha sonra Cahangir Hacıyevin vəkili müdafiə çıxışı edib və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Porses günün ikinci yarısında davam etdiriləcək.
Ötən prosesdə dövlət ittihamçısı C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib ("Report").