24 Oktyabr 2016 17:46
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxış edən prokuror Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10 il və Ceyhun Əsgərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi oktyabrın 28-nə təyin edilib.

Bu ilin yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Qətlə yetirilən Məryəm Namet-zadə Bakıda qızıl alveri ilə məşğul olub, Qızıl Məryəm kimi tanınıb.


Müəllif:

Oxşar xəbərlər