Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib.
O bildirib ki, hadisə vaxtı Bakıda olmayıb: “Qardaşım mənə zəng vurub, binanın yandığını xəbər verdi. Mən Bakıya çatanda yanğın söndürülmüşdü. Evim yanmışdı, mənə ziyan dəymişdi. Dəyən ziyanı dövlət ödədi, heç kimdən şikayətim yoxdu”.
Şahid qismində ifadə verən Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı Elçin Əbilov bildirib ki, hadisə baş verən günü yanğınla bağlı həyəcan siqnalı alıblar: “Biz də hadisə yerinə gəldik. Ora çatanda hamı təlaş içində idi. Bunanın üzlüklərinin şüşələri çox qalın idi. Biz üzlüklərin şüşələrini sındırırdıq ki, binanın içindən tüstü çıxsın. Həmin vaxt şüşə əlimi kəsdi”.
Şahid qeyd edib ki, hadisə vaxtı partlayış səsi eşitməyib.
Vəkillərin şahidə təkrar suallar verməsi hakim Əfqan Hacıyevi hövsələdən çıxarıb. Hakim Miryusif Mahmudovun vəkili İlhamə Həsənovaya xəbərdarlıq edib. Bu zaman digər vəkillər də mübahisəyə qarışıb. Hakimlərlə vəkillər arasında mübahisə böyüyüb. Əfqan Hacıyev vəkilləri şou yaratmaqda günahlandırıb.
İlhamə Həsənova hakimi işə düzgün baxmamaqda ittiham edib: “İş düzgün araşdırılmır. Bizi də aparıb güllələyin”.
Hakim cavab verib ki, burada heç kim güllələnmir, işin düzgün və obyektiv araşdırılması üçün məhkəmə istintaqı aparılır. Mübahisə sakitləşdiriləndən sonra şahidlərin dindirilməsi davam edib.
FHN-nin digər əməkdaşı Anar Hacıyev deyib ki, hadisə vaxtı onların işi insanları xilas etməkdən ibarət olub: “Tüstülənmə güclü olduğu üçün maska taxmışıq. Qapıları sındırıb, sakinləri xilas etmişik”.
Şahid ifadəsində qeyd edib ki, xilasetmə işi 14.00-da başa çatıb. Vəkillərdən biri şahidin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyət olduğunu bildirib.
Vəkilin sözlərinə görə, şahid istintaqa ifadəsində xilasetmə işinin saat 17.00-da yekynlaşdırıldığını deyib. Şahid bu ziddiyyəti belə izah edib: “Bizim qurup xilasetmə işini saat 14.00-da yekunlaşdırıb, digər qrup xilasetmə işini davam etdirib”.
Digər xilasedici Asif Əhmədov bildirib ki, yanğın vaxtı binanın içində yanğındöndürənlərdən biri xəsarət alıb: “Mən həmin yanğınsöndürəni xilas etdim. Binanın 3 və 4-cü mərtəbələrinə qədər qalxmışdım. Daha sonra binanın həyətində çəpərlənmədə dayandım”.
S.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- Konstruktor İnşaat Materialları İnstitutunun beton işləri üzrə mütəxəsisi Azər Xanlarov ifadəsində bildirib ki, 2011-ci ildə poliüretan materiallarının tərkibinin yoxlanması üçün müraciət olunub: “Həmin materialların keyfiyyəti ilə bağlı yoxlama aparılıb və sertifikat verilib. Yoxlamada materialın çətin yanan materallara aid olduğu müəyyən edilib. Biz ilkin məhsullara görə belə rəy vermişik, sonrakı materallardan xəbərimiz olmayıb.
Bu materialları açıq havada yoxamaq imkanımız olmayıb. Yalnız bufer yoxlaması aparılıb və rəy verilib”.
Proses oktyabrın 31-də davam edəcək.
İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov