Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Bəhruz Haqverdiyev ifadə verib.
O, ifadəsində bildirib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı polis idarəsində olub. Şahid polis idarəsi qarşısında keçirilən aksiya zamanı təzyiqlərlə üzləşdiyini bildirib.
Daha sonra şahid Əli Nurməmmədov dindirilib.
Proses noyabrın 11-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş verən Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri məhkəmə zalında dəmir barmaqlıqların şüşə qəfəslə əvəz edilməsinə narazılıqlarını bildiriblər.
Daha sonra şahid qismində ifadə verən Rasim Aslanov deyib ki, ötən il noyabrın 5-də evinə gedən zaman bir qrup şəxsin polis idarəsinin qarşısına toplaşdıqlarını görüb: “Ora yaxınlaşdım, polislər məni tutdular. Bir gün polis idarəsində saxlandıqdan sonra buraxdılar”.
Digər şahid, Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov qeyd edib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı başına daş dəyib: “Həmin şəxslərin atdığı daş başıma zərbə ilə dəydi, mən huşumu itirdim. Ayılanda hospitalda idim. Orada 10 gün müalicə olundum”.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov