8 Noyabr 2016 13:17
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə proses başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhu Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında vəkil Orxan Əhmədov vəsatət verib.

O bildirib ki, müdafiə etdiyi şəxsə hadisə zamanı sərxoş olması ilə bağlı ittiham verilib: "Ekspertiza keçirilib, ekspertlər sərxoşluğu müəyyən etməyin mümkünsüzlüyü barədə rəy veriblər. Cinayət işində təqsirləndirilən şəxsin sərxoş olması haqda sübut yoxdur".

Vəkil müdafiə etdiyi şəxsin hadisə yerindən qaçması ilə bağlı ittihama da münasibət bildirib. Deyib ki, Rəhim Kərimov hadisədən sonra mərhuma yardım göstərib,bununla bağlı kamera görüntüləri də var.

Vəkil cinayət işinin baxılmasına xitam verilməsini, işin istintaqa qaytarılması, sadaladığı sübutların cinayət işindən çıxarılmasını istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Məhkəmə baxışı noyabrın 22-nə təyin edilib.

İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihamda qeyd edilib ki, hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib.

Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.

Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub.

Hacı Zeynalov


Müəllif: