Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə həbs edilən Orxan Osmanovun ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Orxan Osmanov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib.
O, 2003-cü ildən etibarən milli təhlükəsizlik orqanlarında xidmət etdiyini, 2010-cu ilin sonlarına qədər Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahələrində təhlükəsizlik Baş idarəsinin 3-cü idarənin 1-ci şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, 2011-ci ildən 24 oktyabr 2015-ci il tarixədək həmin idarənin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işlədiyini söyləyib.
Bildirib ki, 2013-cü ildə 6-cı Baş idarənin 3-cü idarəsinin rəisi Rəsul Rəsulov və onun müavini Akif Əliyevin tapşırığı əsasında Bakı şəhərində Nizami kinoteatrının yaxınlığında qiymətli zinət və ya antik əşyanın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən üç nəfərin müəyyən olunaraq MTN-ə gətirilməsi ilə bağlı əməliyyat keçirib. Həmin şəxslərdən birinin adı Elçin, digərinin adı isə Tofiq olub. Onlar həmin şəxsləri MTN-ə gətirib, komendaturanın ikinci mərtəbəsinə qaldırıblar.
Komendaturada o, yalnız Tofiq adlı şəxslə söhbət edib. Tofiqdən nə üçün bir yerə yığışdıqlarını, onlarda hansı qiymətli əşyanın olduğunu soruşduqda Tofiq ona aqressiv cavab verərək heç nədən məlumatı olmadığını söyləyib. MTN-ə gətirilən digər vətəndaşlarla isə başqaları söhbət aparıb. Həmin şəxslərlə kim tərəfindən və hansı mövzuda söhbət aparılmasını bilməyib.
Eləcə də 3-cü idarənin rəis müavini Akif Əliyev də həmin vətəndaşlarla aparılan söhbətlərdə iştirak edib. O isə yalnız Tofiqlə apardığı söhbəti Akif Əliyevə, həmçinin telefon vasitəsilə 3-cü idarənin rəisi Rəsul Rəsulova məruzə edib. Bir neçə saatdan sonra idarənin rəhbərliyindən verilmiş göstərişə əsasən həmin 3 nəfər buraxılıb.
Əhmədov Tağı Məhəmməd oğlu və onun qohumlarına qarşı qanunsuzluqlar epizodu üzrə isə Orxan Osmanov bildirib ki, Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyır. Şövqü Əhmədovu bir dəfə MTN-in komendaturasında görüb. MTN-in 6-cı Baş idarənin 2-ci idarənin rəisi polkovnik Rəsul Rəsulovun tapşırığı ilə həmin şəxslə keçirilən araşdırmada əməkdaşlara kömək məqsədi ilə iştirak edib. Onlar barəsində MTN-də hər hansı araşdırma materialının olub-olmamasını bilmir.
Həmin araşdırmada idarə rəisi Akif Əliyevi, Tural Rzayevi və yadında qalmayan digər əməkdaşları görüb: “Araşdırmanın mahiyyəti yadımda qalmayıb. Həmin şəxslərin MTN-nə dəvət edilmə səbəblərini bilmirəm. Şövqü Əhmədovun və Elşən Tağıyevin MTN-nin komendaturasında döyülməsini görməmişəm. Özüm həmin şəxsləri döyməmişəm”.
"Süleyman Transport" MMC-nin sahibi Fikrət İbrahimovun külli miqdarda pulunun ələ keçirilməsi epizodu üzrə təqsirləndirilən şəxs Orxan Osmanov ifadələrində və üzləşmədə dindirməsi zamanı göstərib ki, 2014-cü ilin yayında o, Fikrət İbrahimovu ya Rəsul Rəsulovun, ya da Akif Əliyevin göstərişi ilə nurçularla əlaqədar nazirliyə çağırıb komendaturada onunla söhbət aparıb. Söhbət zamanı o, Fikrət İbrahimovun təsisçisi olduğu "Süleyman Transport" MMC-nin Türkiyə Respublikası ilə, o cümlədən nurçularla əlaqələrinin olub-olmamasını soruşaraq müəssisənin təsis sənədlərini gətirməsini tapşırıb. Fikrət İbrahimov heç bir nurçu ilə əlaqəsinin olmadığını deyib, o isə bu barədə rəhbərliyə məruzə edib.
Bundan sonra Akif Əliyev də komendaturaya gələrək Fikrət İbrahimova "Süleyman Transport" MMC-nin fəaliyyəti ilə əlaqədar suallar verib. Sonuncu yenə də heç bir nurçu ilə əlaqəsinin olmadığını dediyinə görə Fikrət İbrahimovu buraxıblar. Bir neçə gündən sonra isə MTN-in Maddi-texniki təminat idarəsinin Azər adlı əməkdaşı ona Fikrət İbrahimovun ona yaxın adam olduğunu, bu məsələ ilə bağlı onunla söhbət etmək istədiyini deyib. O da bu barədə rəhbərliyinə məruzə etdikdən sonra Azərlə Fikrət İbrahimov və sonuncunun Bəhrəm adlı dostunun iştirakı ilə nazirliyin poliklinikasının qarşısında görüşüblər. Görüş zamanı Azər yenə də Fikrətin onun yaxın adamı olmasını nəzərə almasını ondan xahiş edib.
Orxan Osmanov görüş barədə rəhbərliyinə məruzə edib: “Təxminən 1 aydan sonra Fikrət İbrahimov mənə zəng edərək görüşmək istədiyini söylədi. Hüseyn Cavid parkında Fikrətlə görüşəndə mühüm bir siyasi məsələ ilə əlaqədar onda məlumat olduğunu və məlumatı tam realizə etdikdən sonra əlavə məlumat verəcəyini söylədi. Lakin sonradan heç bir məlumat vermədi. Mən Fikrət İbrahimovdan heç vaxt pul almamışam və istəməmişəm”.
Orxan Osmanov digər epizodlar üzrə bildirib ki, işlədiyi dövrdə maddi-məsul şəxs olmayıb, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə idarəsinin kassasından pul götürməyib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfərov Aqil Adil oğlu, Budaqov İlqar Məhərrəm oğlu, Abdullayev Elşad Elman oğlu, Əliyev Vüqar Paşa oğlu, İbrahimov Emil Əli oğlu, Babayev Ramin Yaşar oğlu, Bədəlov Zakir Dilənçi oğlu, Əzizov Qurban Eyyub oğlu, Əhmədov Şövqü Xeyrulla oğlu, Tağıyev Elşən Namiq oğlu, həmçinin Əhmədov Tağı Məhəmməd oğlu ad-soyadlı şəxslərdən yalnız Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyıb.
Onun telefonunun dinlənilməsindən məlumatı olmayıb. Yuxarıda adı, soyadı, ata adı qeyd olunan digər şəxsləri tanımır, onların da telefon danışıqlarının dinlənilməsindən məlumatı olmayıb.