Gəncədə amansızlıqla qətl hadisəsi törədən şəxslər tutulublar.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib, evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşviq Cəlilov tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.
Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyidi tapılıb.