Bu gün Bakı Apelyasiya Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin kasasiya şikayəti verdikləri məlum olub.
Müdafiə tərəfi Ali Məhkəməyə ünvanladıqları şikayətlərində Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsini, şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər.
Hakim bildirib ki, ilkin qərardan kasasiya şikayəti verildiyi üçün iş dayandırılır. Ali Məhkəmənin şikayətlə bağlı qərarı açıqlanandan sonra apelyasiya instansiyasında işə baxılacağı bildirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilənlərin hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini, yeni ədalətli hökm çıxarılmasını istəyiblər.
İttihama görə, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.
Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.
Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov