Ötən il noyabrın 26-da Nardaran hadisələrində sonra həbs edilən Hüseyn Nəbizadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseyn Nəbizadə 11 dekabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində Daxili İşlər Orqanlarının əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə və əmrə əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.
O, 2015-ci ilin noyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən “Makarov” tipli 1 ədəd tapança, atəşə yararlı 12 ədəd 9 mm kalibrli patron, 1 ədəd “UZRQM” alışdırıcısı ilə birlikdə “F-1” qəlpəli əl qumbarası əldə edib. Silah-sursatı yaşadığı Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 9, ev 12 ünvanda saxlayıb.
Daxili İşlər Orqanları əməkdaşları həmin ünvanda keçirdikləri əməliyyat zamanı silah-sursat aşkar olunaraq götürülüb.
Hüseyn Nəbizadə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddə və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Sabunçu rayon Məhkəməsinin hökmü ilə Hüseyn Nəbizadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Hüseyn Nəbizadə apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayətini onunla əsaslandırıb ki, məhkəmə cəza təyin edərkən onun gəncliyini, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının və valideynlərinin olmasını nəzərə almayıb.
Hüseyn Nəbizadənin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Şikayət təmin edilməyib.
Hüseyn Nəbizadənin adı Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının cinayət işində şahid qismində keçir.
Hacı Zeynalov