24 Noyabr 2016 17:44
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Elşən Kazımov Fəridə adlı xanıma aid çılpaq fotoşəkillər əldə edib.

O, fotoları sosial şəbəkələrdə yayacağını deyərək, zərərçəkmişdən 150, sonra isə 100 manat pul alıb. Qadının şikayətindən sonra həbs edilən Elşən Kazımov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Polis əməkdaşı Hətəm Əliyev bildirib ki, fevral ayında Fəridə adlı xanım polis idarəsinə ərizə ilə müraciət edərək, barəsində rüsvayedici fotolar yayıldığını və tədbir görülməsini xahiş edib: “Araşdırılma aparıldı, məlum oldu ki, Elşən qadını aldadaraq onun şəkillərini əldə edib, bunu internetdə yayacağını deyib, pul tələb edib. Həmin şəkillər hansısa proqramda kodlaşdırılmış formada olub. Elşən Kazımov saxlanıldıqdan sonra hər şeyi etiraf etdi”.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib, çıxış üçün sözü prokurora verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Proses noyabrın 29-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər