5 Yanvar 2017 17:17
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Teleqraf.com-un məlumatına görə, cinayət işi hakim Həbib Həsənovun icraatında yanvarın 19-da Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Cinayət işi üzrə istintaqa ifadə verən Milli Təhlükəsizlik Nazirliyinin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Füzuli Əliyev ona elan olunmuş Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 308.2, 309.2-ci maddələri ilə özünü təqsirli bilməyib.

O, bildirib ki, ləğv olunmuş MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsi və rəisi olduğu həmin Baş idarənin 1-ci idarəsi öz fəaliyyətində birbaşa sabiq nazirin kurasiyasında olub: “Müavin kimi xidmətimi baş idarənin rəisi Sübahir Qurbanov tərəfindən verilmiş tapşırıq və göstərişləri əsasında qurmuşam. Xidməti işlərlə, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı baş idarə və idarənin əməkdaşları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq əməliyyat-texniki tədbirlərin görülməsi üçün zərurət yarandıqda, bu barədə vəsatət və təqdimatla məhkəməyə müraciət edib müvafiq məhkəmə qərarı aldıqdan sonra MTN-nin əməliyyat-texniki idarəsi və Monitorinq Mərkəzi tərəfindən hazırlanıb.

Verilmiş xüsusi blanklarda əməliyyat tapşırığı yazmaqla təsdiq olunması üçün nazirə və ya onu əvəz edən şəxsə təqdim edilib. Həmin əməliyyat tapşırığı təsdiq edildikdən sonra icra üçün MTN-nin əməliyyat-texniki idarəsi və Monitorinq Mərkəzinə göndərilib. Nazirliyinin hər hansı bir idarəsi, o cümlədən işlədiyim 4-cü baş idarənin əməkdaşları birbaşa, öz təşəbbüsü ilə müvafiq texniki avadanlıqlardan istifadə etməklə əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat-texniki idarəsinə və Monitorinq Mərkəzinə müraciət edə bilməyib.

Bu cür əməliyyat tədbirlərinin keçirilməsi yalnız nazir Eldar Mahmudov və ya onu əvəz edən şəxsin müstəsna səlahiyyətlərinə aid olub”.

Füzuli Əliyev ifadəsində göstərib ki, xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub, həmin növ sənədlər ona aid olduqda xidməti otağında olan seyfdə saxlanılıb, sonradan onların taleyi nazirlikdə qüvvədə olan karqüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənib: “Mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutuşam. Bununla yanaşı xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər olun və onların sonrakı taleyini müstəqil olaraq özüm həll etmişəm”.

Füzuli Əliyevin bildirdiyinə görə, 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində iş yeri olan MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağına gəlib və orada olarkən otaqda səliqə-səhman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız sənədləri kağız doğrayan maşına salmaqla məhv edib: “Məhv etdiyim sənədlər əsasən uzun müddət xidməti otağımda saxlanan, lazım olmayan və məhvi zəruri sayılan sənədlər olub.

Həmçinin, 17 oktyabr 2015-ci il tarixdə saat 11.00 radələrində iş yerinə gələrək xidməti otağımda olmuşam. Lakin sonradan bir neçə gün səhhətimlə bağlı problemlərlə əlaqədar baş idarənin rəisindən icazə alaraq evə getmişəm. Axşam vaxtı televiziya verlişlərindən milli təhlükəsizlik nazirinin işdən azad olması barədə xəbəri eşitdikdən sonra 4-cü Baş idarənin rəis müavini və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyimə görə iş yerində olmağımı zəruri hesab edərək, səhhətimdə problemlər olmasına baxmayaraq saat 21.00 radələrində iş yerimə gəlmişəm. Təxminən 1 saatdan sonra evə qayıtmışam”.

MTN zabitinin ifadəsinə görə, həmin gün məhv etdiyi sənədlər də yalnız lazım olmayan və məhvi nəzərdə tutulan sənədlər olub: “Bundan başqa xidməti fəaliyyətim zamanı mərkəzi və yerli icra, qanunverici və ya məhkəmə hakimiyyətinin, özünüidarə orqanlarının vəzifəli şəxslərinin telefonları üzrə dinləmə və statistik proqram vasitəsilə əməliyyat-axtarış tədbirlərini öz təşəbbüsümlə həyata keçirilməsi üçün MTN-nin Əməliyyat-texniki idarəsi və Monitorinq Mərkəzinə heç bir vaxt müraciət etməmişəm. Ümumiyyətlə mənim bu cür tapşırıqlar verilməsinə heç bir səlahiyyətlərim olmayıb. Bu cür tədbirlər yalnız nazir və ya sonuncunu əvəz edən şəxsin təsdiqindən sonra baş verib”.

Bununla yanaşı, Füzuli Əliyev dindirilərkən Zaur Məmmədov və Natiq Alıyevlə yaxın dost münasibətlərində olduqlarını, həmin şəxslər uzun müddət onun tabeliyində işlədiklərini, istifadəsində xidməti “Hyundai Elantra” markalı xidməti avtomaşın, nikel-gümüş rəngli “Makarov” tipli xidməti silahı olduğunu, MTN-nin inzibati binasının yaxınlığında yerləşən “Sultan” kafesinə çörək yeməyə getdiyini bildirsə də, törətdikləri cinayətlərdən özünün iştirakını uzaqlaşdırmağa cəhd edərək həmin kafenin zalını və kabinetini başqa məqsədlər üçün istifadə etmədiyini bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər