2 Fevral 2017 15:38
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov vəsatətlə çıxış edib. O, qeyd edib ki, müdafiə etdiyi şəxsin evində axtarış qanunsuz aparılıb və buna görə həmin axtarış protokolu sübutlar siyahısından çıxarılmalıdır.

Təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, müdadfiə etdiyi şəxsin evində aparılan axtarışla bağlı tərtib olunmuş protokolda qeyd olunan hal şahidləri başqa cinayət işlərində də hal şahidi kimi iştirak ediblər. O, Elman Ağayevin cinayət təqibinə xitam verilməsini istəyib.

Təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov da müvəkkilinin cinayət təqibinə xitam verilməsini istəyib.

Mehman Məmmədovun vəkili isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

Prokuror vəsatətlərin təmin edilməməsini xahiş edib.

Daha sonra vəkillər bildiriblər ki, onlara verilən ittiham aktında iclasa çağırılacaq şahidlərin adları yoxdur. Onlar həmin siyahının verilməsini istəyiblər.

Hazırlıq iclası fevralın 6-da davam edəcək.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, qurumun daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il və birliyin üzvləri Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha bir qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi isə hakim Mayıl Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər