Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mahir Musayev və Şükür Babayev Suriyada baş verənləri internet üzərindən izləyib və bundan sonra oraya gedərək cihada qoşulmaq qərarına gəliblər.
Suriyaya gedən hər iki dost Atma vilayətində yaradılmış “Abu Hafiz” ləqəbli Azərbaycan vətəndaşı İntiqam Əliyevin rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulub. Məlum olub ki, onlar Pərvin Məhərrəmov adlı şəxslə əvvəlcədən plan quraraq 2013-cü ildə Suriyaya yollanıblar. Ötən il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs eidliblər.
Iş üzrə ifadə verən Mahir Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Suriyada baş verənləri internetdən izlədikdən sonra bu ölkəyə getmək qərarına gəlib və bu istəyini dostu Zərbalı Abdullazadəyə danışıb.
Zərbalı Abdullazadə Suriyaya gəlmək istəyərkən, ondan Bakıda olan həyat yoldaşını da gətirməsini istəyib: “Həm onun, həm də öz həyat yoldaşımı Suriyaya aparmağı qərara aldım”.
İstintaqa ifadə verən Mahir Musayevin həyat yoldaşı bildirib ki, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra ibadətə başlayıb və Mahirlə ailə həyatı qurublar.
Onun sözlərinə görə, əri Türkiyəyə işləmək adı ilə gedib: “Sonra məni də Türkiyəyə çağırdı. Mən də onun çağırışı ilə getdim. Oradan da məni Suriyaya apardılar. Orada bildim ki, getdiyim yer Suriya ərazisidir”.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Mahir Musayev 15 il, Şükür Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu cinayət işi üzrə adı keçən Zərbalı Abdullazadə bir müddət əvvəl eyni ittiham üzrə mühakimə olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov