16 Fevral 2017 20:25
6 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qız qaçırmaqda təqsirli bilinən Sabirabad rayon sakinləri – 1990-cı il təvəllüdlü Cəfər Səlimov və 1985-ci il təvəllüdlü Elnur Səmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Cəfər Səlimov 1998-ci il təvəllüdlü Samirə Məmmədovanı (ad və soyad şərti verilib) evlənmək məqsədi ilə oğurlamaq qərarına gəlib. O, həmin oğurluqda ona yardımçı olmağı bacısının əri Elnur Səmədova təklif edib. Elnur Səmədov onun bu təkliflə razılaşıb.

Cəfər Səlimov 25 may 2015-ci il tarixdə, saat 13 radələrində Elnur Səmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Samirə Məmmədovanın təhsil aldığı Sabirabad şəhərində yerləşən Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin qarşısına gəlib.

Təxminən saat 13.30 radələrində tələbə yoldaşları arasında kollecdən çıxıb və evə gedən Samirə Məmmədova onların avtomobilinin yanından keçib.

Bu zaman Cəfər Səlimov avtomobildən düşərək, Samirə Məmmədovanı tələbə yoldaşlarının yanında tutaraq zorla avtomobilə mindirib. Həmin vaxt Cəfər Səlimov Samirə Məmmədovaya xəsarət yetirib.

Kollecin tələbəsi Elmar Qurbanəliyev avtomobildən Samirə Məmmədovanı çıxarmaq istəyib. Amma Cəfər Səlimov buna imkan verməyib və ona müqavimət göstəriblər. Onlar daha sonra Samirə Məmmədovanı qaçırıblar.

“Evlənməyimizə razılıq verməyib”

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu), 221.2.1 və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham ediliblər. Onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər Səlimov atası ilə iş yoldaşı olan Nərgiz Məmmədovanın (ad və soyad şərti verilib) qızı Samirəni hələ uşaqlıq yaşlarından sevib və onunla evlənmək arzusunda olub: “Hətta bir neçə il əvvəl bu məsələni atam vasitəsi ilə Samirənin atası Sadıq kişiyə də çatdırmışam. Lakin Sadıq Məmmədov həmin ərəfədə qızı Samirənin hələ orta məktəbdə oxuduğunu səbəb gətirib və bu evliliyə razılıq verməyib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirə orta məktəbdən sonra kollecə qəbul olunub və orada təhsil alıb: “Evlənmək məqsədi ilə Samirəni qaçırıb və Bakı şəhərinə aparmağı, sonra onun valideynlərimin xeyir-duasını alıb, toy edərək evlənməyi qərara aldım. Samirəni qaçırmaqda mənə kömək etməsi üçün bacımın əri Elnur Səmədova müraciət etdim. Mayın 25-də, təxminən saat 12-də özümün idarə etdiyim, lakin atama məxsus “VAZ-2106” markalı avtomaşınla Elnurgilə gəldim. Evdəkilər bilməsin deyə Elnura Sabirabad şəhər mərkəzinə getməyi təklif etdim və evdən çıxdıq. Yolda Samirəni evlənmək məqsədi ilə qaçırmaq istədiyimi bildirdim. Bu işdə mənə kömək etməsini xahiş etdim.

“Samirənin də mənimlə evlənməyə könlü olduğunu hesab etdim”

Cəfər Səlimov qeyd edib ki, Samirənin də onunla evlənməyə könlü olduğunu hesab edib və bunu Elnura bildirib: “Elnur da Samirəni qaçırmağa köməklik etməyə razılıq verdi. Qərara aldıq ki, avtomobili Elnur sürəcək, mən Samirə dərsdən çıxanda tutaraq avtomobilə oturdacam, Elnur isə bizi aparacaq. Bu qaydada razılaşdıqdan sonra Elnur avtomobilin sükanı arxasına keçdi və Samirənin oxuduğu Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin qarşısına gəldik. Təxminən saat 13.30-da Samirə kollecin həyətindən çıxdı. Bu zaman onun yanında tanımadığım qızlar, qarşıda və arxada da tanımadığım oğlan və qızlar biz dayanan meydançaya tərəf gəldilər. Həmin vaxt orada təxminən 30-40 adam olub. Samirə avtomobilin yanından keçəndə onu qucaqlayıb, maşına oturtdum”.

Cəfər Səlimovun sözlərinə görə, Samirə qışqırtı salıb, əlindən çıxmağa çalışıb: “Lakin onu tutaraq buraxmadım. Yaxınlıqda olan qızlar da qışqırdılar ki, Samirəni qaçırırlar. Sükan arxasında olan Elnur avtomobilin mühərrikini işə salmaq istəyəndə Samirəni kollecə aparıb-gətirən Rafət müəllim bizə yaxınlaşdı və mühərriki söndürməyi, maşından çıxmağımızı tələb etdi. Elnur da onun dediyi kimi etdi”.

Cəfər Səlimov qeyd edib ki, sonra avtomobilin salonuna qabaq sağ qapıdan tanımadığım bir gənc, Samirə ilə bir kollecdə oxuyan Elmar Qurbanəliyev qızı onun əlindən almağa çalışıb: “Mən isə Samirəni arxadan bərk qucaqlayaraq buraxmadım. Bu hal təxminən 1 dəqiqə davam edib. Bunun ardınca Elnur avtomobilə əyləşdi və avtomobili sürdü. Həmin vaxt avtomobilinin qarşısında olan başqa bir avtomobil yollumuzu kəsdiyindən Elnur əvvəl avtomobili bir-neçə metr arxaya sürdü, sonra irəli sürdü. Elnur avtomobili arxaya hərəkət etdirməyə başlayarkən Elmar məni buraxaraq avtomobildən çıxdı. Sonra Elnur avtomobili cəld irəli sürüb və oradan uzaqlaşdıq”.

Cəfər Səlimov bildirib ki, Sabirabad-Hacıqabul avtomobili yolu ilə Şirvan şəhəri istiqamətində hərəkət ediblər: “Məqsədimiz Samirəni Şirvan şəhərində yaşayan dayım Fazilin evinə qoymaq, sonra isə dostum Tapdığa zəng edib, ora gələrək öz avtomobili ilə bizi Bakı şəhərinə aparmağı xahiş etmək olub. Odur ki, rayonunun Nərimankənd kəndi ərazisinə çatarkən Tapdıqa zəng etdim və Samirəni qaçırdığımı bildirdim, bizi Şirvan şəhərindən Bakı şəhərinə aparmağı xahiş etdim. Tapdıq isə işi olduğu üçün gələ bilməyəcəyini bildirdi. Bundan sonra kollecdən uzaqlaşandan təxminən 25-30 dəqidə keçmiş Sabirabad rayonunun Şəhriyar kəndi ərazisi ilə hərəkət edərkən atam Qəfər yeznəm Elnurun mobil telefonuna zəng etdi və dedi ki, Samirənin atası Sadıq müəllim qızının dərhal geri qaytarılmasını tələb edir, əgər bunu etsə heç yerə, o cümlədən polisə şikayət etməyəcək. Əks təqdirdə polisə şikayət edərək məni tutduracaq. Fikirləşdim ki, Sadıq müəllim çətin adamdır, əgər belə deyirsə, demək Samirə ilə evlənməyimə bu halda da razılıq verməyəcək, həqiqətən polisə bizdən şikayət edər. Ona görə də maşını saxlatdırdım. Ona dedim ki, Samirəni qaytarmaq lazımdır. Buna etməsək Sadıq həqiqətən polisə şikayət edib və bizi tutdura bilər. Elnur da razılaşdı. Buna görə də Sabirabad şəhəri istiqamətə geri döndük. Samirəni atasına təhvil vermək qərarına gəldik. Yolda atam zəng edərək harada olduğumuzu soruşdu. Elnur da Samirəni geri gətirdiyimizi dedi. Bu arada Tapdıq da zəng edərək harada olduğumuz ilə maraqlandı. Bildirdim ki, artıq ona ehtiyacımız olmadı, çünki Samirəni atasına qaytarırıq”.

“Taksi ilə kəndimizə gəldim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər getdikdən sonra Samirənin atasının tək olmadığını düşünüb, orada dava olmasın deyə Elnurdan Samirəni atasına tək apararaq verməsini istəyib: “Bunu Samirəyə də bildirmişəm. Avtomobildən düşəndə Samirə mənə heç nə demədi. Yolda taksiyə əyləşərək kəndimizə gəldim”.

Cəfər Səlimov qeyd edib ki, ertəsi gün onu Sabirabad rayon polis şöbəsinə çağırıblar: “Orada bildim ki, Sadıq müəllim vədinə xilaf çıxaraq polisə şikayət edib. Samirəyə qarşı heç bir zorakı hərəkət etməmişəm.

Zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Məmmədova bildirib ki, Cəfər Səlimovun məqsədi onunla evlənmək olub: "Amma mən ondan tələb etdim ki, məni rahat buraxsın, yoxsa özümü öldürəcəm. Bundan sonra məni atama təhvil verdilər".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfər Səlimov 10 il 11 ay 27 gün, Elnur Səmədov isə 10 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində barələrində ədalətli hökmün çıxarılmasını istəyiblər.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri araşdırılıb.

Hakim heyəti şikayətin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxslərin şikayətlərinə əsasən hökm dəyişdirilib.

Qərara görə, təqsirləndirilən şəxslərin əməlindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi xaric edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham ediliblər.

Cəfər Səlimov və Elnur Səmədovun hər birinin barəsində 1 il 11 ay 27 gün müddətinə cəza təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər