Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Hüseynov və Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, dəhşətli hadisə Pirallahı rayonunda baş verib.
Gənc qadının – iki uşaq anasının üzünə ”kislota” atıblar. Cinayətin nəticələri çox ağırdır, qadın kor olub.
Pallahı rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü Tural Hüseynov, icraçısı isə 1981-ci il təvəllüdlü Vüqar Kərimovu saxlayıblar.
Məlum olub ki, cinayət ötən ilin mart ayının 11-də törədilib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub.
İstintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranəyə evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri olub. Tural dindirmədə deyib ki, həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib pulu götürmək lazımdır. Qadın keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyi çatdırmamış Vüqar Kərimov ona hücum edib.
Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməyi çatdırmayıb. Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Dindirilmə zamanı Tural Hüseynov etiraf edib ki, o elə etmək istəyirdi ki, qadına bir kişi belə yaxın gəlməsin. Polislərin sözlərinə görə, o, “mənim deyilsə, heç kimin olmayacaq” deyib. Təqsirləndirilən Vüqar Kərimov bildirib ki, cinayətin törədilməsi üçün sifarişi Turaldan alıb: "Mənə bunun müqabilində pul verilməli idi. Cinayəti törədəndən sonra Turala zəng etdim. Dedi, kafeyə get. Mən də kafeyə getdim. Orada qabağıma iki dənə dönər qoydular. Araq istəsəm də, vermədilər, dedilər, bizim kafedə araq vermirlər".
Zərərçəkmiş Nuranə Hüseynova bildirib ki, keçmiş əri onunla barışmaq istəyib: "Mən isə barışmaq istəmirdim. Hadisə baş verən günü Tural mənə zəng etdi ki, mağazaya uşaqlara çatacaq alimenti qoymuşam, götür. Mən də dedim ki, bu vaxt mağaza bağlıdı. O, pulun mağaza sahibində olduğunu, ondan götürməyimi tapşırdı. Bu adla məni evdən çıxartdı. Küçəyə çıxanda Vüqar Kərimov üzümə "kislota" atdı. Məni xəstəxanaya apardılar, orada əməliyyat olundum. Gözümün biri tamami ilə görmür".
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslərdən şikayətçidir: "Xəstəxanada müalicə olunmuşam, Vüqarın ailəsi köməklik etsə də, Turalın ailəsi heç bir kömək göstərməyib. Bir neçə dəfə əməliyyat olunmuşam, indi də əməliyyata ehtiyacım var. Amma imkanım yoxdur. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Həm də təqsirləndirilən şəxslərdən şikayətçiyəm, onlara ən ağır cəzanın verilməsini istəyirəm".
Proses fevralın 27-də davam edəcək.
Hacı Zeynalov