Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşı Vidadi Huseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Hüseynovun anket məlumatları dəqiqləşdirilib.
Vidadi Hüseynov bildirib ki, ittiham aktını almayıb, məhkəmənin göndərdiyi hüquqlarını izah edən sənədləri də götürə bilməyib.
Dövlət ittihamçısı Fərid Nağıyev prosesə sədrlik edən hakim Əfqan Hacıyevə etiraz edib. Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən Vidadi Hüseynovun həyat yoldaşı Leyla Səlifova Müşfiq Səlifovun və Nadir Səlifovun bacısıdır: "Hər iki qardaş Bakı Ağır Cinayətlər Məhləməsində 7 oktyabr 2005-ci il tarixli hökmü ilə məhkum olunub. Həmin şəxslər barəsində apelyasiya şikayətlərinin surətindən və məhkəmənin qərarından görünür ki, Nadir və Müşfiq Səlifovların vəkilləri Kamandar Nəsibov və Əfqan Hacıyev olub.
Vidadi Hüseynovun qayınlarının müdafəsini həyata keçirmiş Əfqan Hacıyevə onun işinə sədrlik həvalə edilib. Belə olan halda hakim özü-özünə etiraz etməlidir. Amma hakim buna etiraz etməyib. Belə olan halda hesab edirik ki, hakim bu işdə maraqlıdır.
Digər hakimlər bu işə baxmalıdır və Əfqan Hacıyev işdən kənarlaşdırılması barədə etirazı təmin etməlidir".
Əfqan Hacıyev bildirib ki, vaxtı ilə Müşfiq və Nadir Səlifov qatdaşlarının müdafiəçisi olub: "Mənim bu işdə marağım yoxdur. Amma ittiham tərəfi belə hesab edirsə, o zaman etiraz təmin edilsin".
Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu bildirib. O etirazın təmin edilməməsini istəyib.
Hakim Fikrət Qəribov etirazı təmin edib və yeni hakim təyin olunans kimi prosesdə fasilə elan olunub.
İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, 2016-cı ilin aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahl insident baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub. Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərlə əlbir olması ehtimal olunur.
Bu qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Sabunçu rayonunda əməliyyat keçiriblər.
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.
Bundan sonrakı günlərdə Bakının bir neçə rayonunda xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində kriminal aləmə yaxınlığı ilə seçilən 40-a qədər şəxs həbs edilib. Onların bəziləri silah, bəziləri isə narkotik ittihamı ilə mühakimə ediliblər.
“Bulaq” restoranında silahl insidentlə bağlı həbs edilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hacı Zeynalov