Gecə saatlarında Bakı, Hacıqabul və Şəkidə yanğın hadisələri qeydə alınıb.
Bununla bağlı Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3 m² olan köməkçi tikilinin içərisinə yığılmış köhnə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hacıqabul rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şəkidə baş verən hadisə zamanı 6 otaqlı ev külə dönüb. Rayonun Baş Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.