Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, müəssisədə saxlanılan məhkum Ramil Qurbanovla qısamüddətli görüşə gələn anası, Ağstafa rayon sakini Şəhla Qurbanovanın üstünə və əşyalarına baxış keçirilib.
Şəhla Qurbanovanın əl çantasından içərisində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı naqil və 1 ədəd qulaqcıq aşkar edilib.
Ramil Qurbanov Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanov 2014-cü ilin iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb.
Hadisə qısqanclıq zəminində baş verib. Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, şübhələrini müəyyən etmək üçün həyat yoldaşını izləməyə başlayıb. Ramin Qurbanov izlədiyi müddətdə arvadının başqa bir kişi ilə münasibətdə olduğunu görüb. Bu səbəbdən arvadını öldürmək qərarına gəlib.
O, cinayəti törədəndən sonra polisə gələrək təslim olub və həyat yoldaşını namus üstündə öldürdüyünü bildirib.
Hacı Zeynalov