Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Real” MTK-nın hazırda həbsdə olan müdiri və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov prosesə gətirilib.
Lakin o, səhhətində problem olduğunu deyib və buna görə ifadə verməyib.
Daha sonra İlham Qasımovun qardaşı İslam Qasımov ifadə verib. O, bildirib ki, Akif Çovdarova pul verməyib, təqsirləndirilən şəxsləri tanımır. İslam Qasımov pulu başqa MTN əməkdaşlarına verdiyini deyib. Qeyd edib ki, bir neçə saat MTN-də saxlanıldıqdan sonra buraxılıb.
Daha sonra ifadə verən zərərçəkmiş Tahir Mirzəyev bildirib ki, onu MTN-ə aparıb, gecə saat 22-yə qədər orada saxlayıblar: “Gecə saat 2-də məni sərbəst buraxdılar. Mənə qarşı hər hansı təzyiq olmayıb”.
“Texmarin” LTD epizodu üzrə Asif Bədəlov şahid qismində ifadə verib. “Qaradağ maşınqayırma” ASC-nin idarə heyətinin sədri Asif Bədəlov bildirib ki, təqsirləndirilən Füzuli Əliyevlə Səbail rayon Polis İdarəsinin sabiq rəisi İlqar Mahmudovun (Eldar Mahmudovun əmisi oğludur – H. Z.) vasitəsilə tanış olub: “Bundan sonra əvvəllər tanıdığım Arif Həsənovun xahişi ilə onu Füzuli Əliyevlə tanış etdim. Arif Həsənov öz kommersiya partnyoru barədə ilkin maliyyə sənədlərini Füzuli Əliyevə təqdim etdi.
Bildiyimə görə, Füzuli Əliyev Arif Həsənovun müraciəti üzrə yoxlama aparıb, lakin yoxlama nəticələri barədə mənin hər hansı məlumatım olmayıb”.
“Techmarine LTD” məhdud məsuliyyətli cəmiyyətin həmtəsisçisi və sədri Arif Həsənovun külli miqdarda pul vəsaitlərinin quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirilib.
Məlumat üçün bildirək ki, Füzuli Əliyevin işi ayrıca icraatda davam edir.
Daha sonra “Yeni Yasamal” MTK epizodu üzrə Kazım Bağırov ifadə verib. Proses aprelin 5-də davam edəcək.
Hacı Zeynalov