25 May 2017 11:47
3 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlindən sonra həbs olunan köməkçisi Aydın Rəfiyevin işi üzrə kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2 noyabr 2010-cu il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Aydın Rəfiyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə vəsatətlə müraciət edib.

Vəsatətə Qaradağ rayon Məhkəməsində baxılıb. Sözügedən məhkəmənin 9 iyun 2016-cı il tarixli qərarı ilə Aydın Rəfiyevin vəsatəti təmin edilib. Onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar elan edilib.
Məhkəmənin qərarından dövlət ittihamçısı Rauf Əsgərov narazı qalıb və apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun kasasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim heyəti prokurorluğun protestini təmin etməyib.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov 7 il, köməkçisi Aydın Rəfiyev 9 il, onun oğlu Anar Rəfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general Rail Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş Rail Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində “general-leytenant” poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus “Mitsubishi-Pajero” markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.

Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər