Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Aybala Namazova ifadə verib.
Aybala Namazova bildirib ki, ondan 35 min manat pul alaraq axşama qaytaracaqlarına vəd veriblər: "Pulun üstündə mənə əlavə 5 min manat da verəcəkdilər. Hər şeyi əvvəldən ssenariləşdirmişdilər. Pulu verdim, 4-5 gün keçdi, xəbər çıxmadı. Mən özüm bunlara zəng etməyə başladım. Vüqar Güləliyev mənə dedi ki, pulu qaytaracağıq".
Digər zərərçəkmiş Əkbər Orucovun sözlərinə görə, Vüqar Güləliyevi qohumu Anar İsmayılov vasitəsilə tanıyıb: "Anar təklif etdi ki, gəl oğlunu polisə düzəldək. Dedi, bu işi görən adamları tanıyır, işə cavabdehdi. Mərkəzi Univermağın yanında görüşdük, Nicat dedi özü Ədliyyə Nazirliyində işləyir. Vüqar müəllim də özünü Namaz Əliyev kimi təqdim edib və Daxili İşlər Nazirliyində işlədiyini söylədi.
Əvvəl Anara 6 min, sonra onların dediyi taksi sürücüsünə 2 min verdim. Vəd elədikləri iş alınmadı, puldan cəmi 2 min manat qaytardılar".
Daha sonra zərərçəkmiş şəxs qismində Misir Umudov bildirib ki, əsgərlik yoldaşı Hümmət ona oğlunu MTN Akademiyasına düzəltməyi vəd edib: "2015-ci ilin mart-aprel ayında 10 min dollar bankdan kredit götürərək bunlara verdim. Oğlum hərbi məktəbə getmək istəyirdi, Hümmət dedi, hələ uşağa demə, ona sürpriz edərik. Amma nə iş alındı, nə də pulu qaytardılar".
Sonra təqsirləndirilən Nicat Əliyev hər bir epizod üzrə ifadə verib. O bildirib ki, Əkbər Orucovun oğlunu işə düzəltməyi ona Anar İsmayılov təklif edib: "Mən də Vüqar müəllimlə danışdım, dedim adamın var? Vüqar müəllim də işi düzəldə biləcəyini dedi. Pulu alıb, böldük, amma 2 ay keçdi iş düzəlmədi. Burada Anarın günahı yoxdu".
Nicat Əliyevin sözlərinə görə, Elçin Orucovun işində Vüqar Güləliyevi Namaz Əliyev kimi təqdim edib: "Belə məsləhət bildik. Vüqar müəllimi MTN-in Daxili İşlər Nazirliyinə nəzarət edən kurator kimi təqdim elədik. Mən cəzaçəkmə müəssisəsində işləmişəm, məhkumların İrana "perevod" olunması məsələsi elə də çətin bir şey deyil.
İlqar adlı dostum var, "perevod" işini o həll edirdi. Sadəcə arada mənə pul lazım olurdu, 5500 almışam. Pulu alandan sonra bildim ki, Misir Umudova deyiblər, oğlunu MTN-ə işə düzəldəcəyik. 2013-cü ilin yay aylarında işdən çıxıb könüllü olaraq 2 saylı cəzaçəkmə müəssəsində əməliyyatçı işləmişəm. İranlı məhbuslara bəzi ərizələrin yazılmasında kömək etmişəm, amma "perevod" söhbətində mən olmamışam".
Zərərçəkmiş Misir Umudovun oğlunun MTN-ə işə düzəldilməsindən danışan Nicat Əliyev bildirib ki, bu epizodla bağlı xəbəri olmayıb: "Bu məsələ ilə bağlı iş yoldaşım Əli mənə 500 manat verdi, həmin vaxt maşında başqa adamlar var idi, bilmədim niyə verdi, amma götürüb xərclədim. Əli də erməni əsirliyində olub, yaxşı oğlandı. Sonra da gedib 5 min götürdüm. Mən Əlidən borc istəmişdim, elə bildim mənə borc verir".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində məhkumların İrana ekstradisiyasından danışıb: "Ədalət Əkbərovdan dustaqları İrana "perevod" etmək üçün 30-35 min manat alıb Vüqara verdim. Vüqar müəllim həmin vaxt axtarışda idi, gizlənirdi. Ədalət özü zəng edib Vüqarla danışdı, o da pulun çatdığını təsdiqlədi. Ədalət bu işdən pul qazanacaqdı. Alınan pulların məbləğlərində Vüqarı aldatmışam, xəbəri olmayıb.
Pulların 92 min manatını qaynatama vermişəm. Mən zərərçəkənlərə dəyən ziyanı qaytarmağa hazıram, amma şişirdilmiş məbləğdə yox".
Digər təqsirləndirilən, 17 saylı cəzaçəkmə müəssisəsində mühafizə rəisi işləmiş Anar İsmayılov bildirib ki, bacanağı Əkbər Orucovgilə qonaq gedəndə oğlunun işə düzəldilməsi barədə söhbət düşüb: "Mən dedim istəsəz bu məsələni tanışlarım həll edə bilərlər, razılaşdılar. Nicata dedim uşağın boyu 1.74 santimetrdir. Polisə işə düzəldəcəkdilər, orda da şərt var ki, 1.75-dən hündür olmalıdı. Nicat dedi narahat olma, həll edərik. Mənim bu işdə 1 manat təmənnam olmayıb.
Vüqar müəllimi Namaz Əliyev adı ilə tanımışam. Mənim telefonumda danışıqları yazan proqram var, orda da qulaq asanda biləcəksiniz ki, söhbətlərimiz necə olub".
Növbəti proses iyulun 11-də davam edəcək.
İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu ələ keçiriblər.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.
Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.
Cinayət işində çoxsaylı zərərçəkmiş var.
Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.
Hacı Zeynalov